
26 Fevral – Xocalı soyqırımı günü Azərbaycan xalqının tarixində ən ağrılı və faciəli günlərdən biri kimi dərin hüznlə yad edilir. Bu tarix yalnız bir şəhərin taleyi ilə bağlı deyil, bütövlükdə xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən birinin simvoludur. 1992-ci ilin fevralında baş verən Xocalı faciəsi öz qəddarlığı, qeyri-insani davranışları və dinc əhaliyə qarşı həyata keçirilən vəhşilikləri ilə bəşər tarixində silinməz iz qoymuşdur.
Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”. Bu fikirlər Xocalı hadisələrinin mahiyyətini tam dolğunluğu ilə ifadə edir və onun yalnız regional deyil, ümumbəşəri faciə olduğunu bir daha təsdiqləyir.
XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində başlanan münaqişə regionda gərginliyi artırmış, nəticədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan azərbaycanlı əhali ciddi təhlükə ilə üz-üzə qalmışdır. Xocalı şəhəri 1991-ci ilin sonlarından etibarən tam mühasirəyə alınmış, əhali ağır blokada şəraitində yaşamağa məcbur edilmişdir. Şəhərin yeganə hava əlaqəsi daim atəş altında saxlanılır, insanlar ərzaq və tibbi yardım çatışmazlığı ilə üzləşirdi. Bütün bu çətinliklərə baxmayaraq, Xocalı sakinləri doğma torpaqlarını tərk etməmiş, son ana qədər müqavimət göstərmişdilər.
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə isə şəhərə genişmiqyaslı hücum həyata keçirildi. Dinc əhali şəhəri tərk etməyə çalışarkən xüsusi qəddarlıqla qətlə yetirildi. Bu faciə zamanı 613 nəfər öldürüldü, onların arasında 63 uşaq, 106 qadın və 70 yaşlı insan var idi. Yüzlərlə insan yaralandı, 1275 nəfər girov götürüldü, çoxsaylı şəxsin taleyi isə hələ də naməlum olaraq qalır. Bu hadisə təkcə hərbi əməliyyat deyil, məqsədli şəkildə mülki əhaliyə qarşı həyata keçirilmiş kütləvi qırğın idi.
Xocalı faciəsinin ən dəhşətli tərəfi insanların qeyri-insani işgəncələrə məruz qalması, ailələrin məhv edilməsi, uşaqların, qadınların və yaşlıların xüsusi amansızlıqla öldürülməsi idi. Bu vəhşiliklər beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərinin kobud şəkildə pozulduğunu göstərir. Baş verənlər soyqırımı cinayətinin bütün əlamətlərini daşıyır və buna görə də Xocalı hadisələri yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndirilməlidir.
Uzun illər ərzində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparılmışdır. Azərbaycan dövləti bu faciənin beynəlxalq səviyyədə tanınması üçün ardıcıl siyasət həyata keçirmiş, nəticədə bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xocalı soyqırımına hüquqi və siyasi qiymət vermişlər. Bu istiqamətdə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası xüsusi əhəmiyyət daşıyır və dünya ictimaiyyətinin diqqətini bu faciəyə cəlb etmək baxımından mühüm rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Xocalı həqiqətləri beynəlxalq platformalarda daha geniş səsləndirilir, bu faciənin tanınması istiqamətində yeni nailiyyətlər əldə olunur. Azərbaycanın artan siyasi nüfuzu və güclənən mövqeyi bu həqiqətlərin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradır.
2020-ci ildə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə isə yalnız torpaqlarımızın azad olunması ilə deyil, həm də tarixi ədalətin bərpası ilə yadda qaldı. Bu Qələbə Xocalı qurbanlarının ruhuna ehtiramın təzahürü olmaqla yanaşı, Azərbaycanın öz suverenliyini bərpa etmək əzminin göstəricisi idi. Artıq azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, doğma yurdlarına qayıdış prosesi həyata keçirilir.
Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. Bu faciə unudulmur və unudulmayacaq. Hər il fevralın 26-da xalqımız Xocalı şəhidlərinin xatirəsini ehtiramla yad edir, onların ruhu qarşısında baş əyir. Bu, təkcə anım mərasimi deyil, həm də gələcək nəsillərə tarixi həqiqətlərin ötürülməsi, belə faciələrin bir daha təkrarlanmaması üçün dünya ictimaiyyətinə ünvanlanan çağırışdır.
Xocalı faciəsi tariximizin qan yaddaşıdır. Bu yaddaş həm hüzn, həm də ədalət uğrunda mübarizə əzmini özündə birləşdirir. Azərbaycan xalqı bu həqiqətləri yaşatmağa, dünyaya çatdırmağa və tarixi ədalətin tam bərqərar olmasına qədər mübarizəsini davam etdirəcəkdir.
Bafadarov İslam,
Yeni Azərbaycan partiyası, məsləhətçi



