AnalitikaGündəmSiyasət

Milli yaddaşın sarsılmaz iradəsi və Zəfərə aparan yol

26 Fevral – Xocalı soyqırımı günü Azərbaycan tarixinin ən faciəli, eyni zamanda ən ibrətamiz səhifələrindən biridir. 1992-ci ilin fevralında Xocalıda baş verən hadisələr yalnız bir şəhərin işğalı deyil, dinc əhaliyə qarşı məqsədli və amansız qətliam idi. Uşaqların, qadınların, qocaların xüsusi qəddarlıqla öldürülməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, insanlığa qarşı ağır cinayət idi. Bu faciəyə dövlət səviyyəsində ilk dolğun siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verildi. Onun qətiyyətli mövqeyi nəticəsində Xocalı hadisələri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı soyqırımı kimi tanındı. Ulu Öndər Heydər Əliyev Xocalını Azərbaycan xalqına qarşı həyata keçirilmiş planlı etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi xarakterizə edirdi və daim vurğulayırdı ki, bu faciə dünya ictimaiyyətinə çatdırılmalı, hüquqi-siyasi qiymətini almalıdır.
Ulu Öndərin fikrincə, Xocalı yalnız bir tarix deyil, milli yaddaşın imtahanıdır. O bildirirdi ki, xalq öz tarixini bilməli, onu unutmağa çalışan qüvvələrə qarşı həqiqətləri faktlarla və siyasi iradə ilə müdafiə etməlidir. Onun təşəbbüsü ilə Xocalı həqiqətləri sistemli şəkildə beynəlxalq platformalarda gündəmə gətirildi və Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi hüquqi müstəviyə çıxarıldı.
Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı siyasi kurs sonrakı mərhələdə Azərbaycanın informasiya və diplomatik mübarizəsinin əsasını təşkil etdi. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində ardıcıl və prinsipial fəaliyyət göstərdi. Onun rəhbərliyi ilə bir sıra ölkələrin parlamentləri və beynəlxalq qurumlar Xocalı soyqırımı ilə bağlı qərar və qətnamələr qəbul etdilər.
Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Xocalı qurbanlarının qanı yerdə qalmayacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bu fikir illər boyu dövlət siyasətinin strateji hədəfi kimi qorundu və nəhayət, 2020-ci ildə reallığa çevrildi.2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının birliyinin, dövlətin siyasi iradəsinin və ordunun gücünün nümayişi oldu. Bu müharibədə döyüşən hər bir əsgər, hər bir zabit yalnız torpaq uğrunda deyil, həm də Xocalı qurbanlarının xatirəsi naminə mübarizə aparırdı. Şəhidlərimiz Vətənin bütövlüyü uğrunda canlarını fəda etdilər. Onların qəhrəmanlığı Azərbaycan tarixinin şərəf salnaməsinə çevrildi. Qazilərimiz isə sağlamlıqlarını itirsələr də, xalqımızın başını uca etdilər və gələcək nəsillərə əyilməz iradənin nümunəsini göstərdilər.Bu müharibə qisas savaşı deyil, ədalətin və beynəlxalq hüququn bərpası mübarizəsi idi. Azərbaycan Ordusu mülki əhaliyə qarşı zorakılığa yol vermədən, beynəlxalq hüquqa uyğun şəkildə hərbi əməliyyatlar apardı və öz yüksək mənəvi dəyərlərini qorudu.
Bu gün Xocalı artıq yalnız ağrı və kədər rəmzi deyil. O, həm də milli dirçəlişin, siyasi iradənin və dövlətçilik qətiyyətinin simvoludur. Azad olunmuş torpaqlarda aparılan bərpa və quruculuq işləri Xocalı qurbanlarının xatirəsinə ən böyük ehtiramın göstəricisidir. Xocalı hadisələri sübut etdi ki, tarixdə ədalətsizliklər müvəqqəti ola bilər, lakin xalqın iradəsi və dövlətin gücü qalıcıdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt və Prezident cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan həm diplomatik, həm hərbi, həm də informasiya müstəvisində öz haqq səsini dünyaya çatdırdı. 26 Fevral – Xocalı soyqırımı günü Azərbaycan xalqının hüzn və qürur günüdür. Hüzn günahsız insanların xatirəsinə, qürur isə müstəqil və güclü dövlətimizin, müzəffər ordumuzun və qəhrəman şəhidlərimizin şanlı Zəfərinə görədir. Xocalı unudulmur və unudulmayacaq. Çünki bu tarix yalnız keçmişin faciəsi deyil, gələcəyin məsuliyyətidir. Şəhidlərimizin ruhu qarşısında borcumuz milli birliyi qorumaq, dövlətçiliyimizi möhkəmləndirmək və ədaləti daim müdafiə etməkdir.

Nicat İsmayılov,
YAP Yasamal rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button