AnalitikaGündəmSiyasət

“Xocalıya ədalət” hərəkatının böyük təsiri

Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalının sakinlərinə qarşı törədilən dəhşətli soyqırımdan artıq 34 il keçir. Xatırladım ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Soyqırım haqqında həqiqətlərin dünyada bilinməsi üçün 2008-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası bir çox işlər görmüşdür. Hərəkatın məqsədi Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılmasıdır.

Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir.

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-nin 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda “Xocalı soyqırımı” və “Xocalı faciəsi” kimi, digər ölkələrdə isə “Xocalı qətliamı” kimi anılır.

Bu gün Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak edərkən çıxışında “Xocalıya ədalət!” hərəkatının təsiri  haqda qeyd edərək bildirmişdir ki, uzun müddət beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri bizim bu faciəmizə biganə yanaşmış, lakin 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması da bir addım idi. Hərbi cinayətkarların mühakimə olunması ədalətimizin son nöqtəsi idi. Xocalıda törədilən erməni vəhşiliklərini heç zaman heç vaxt unutmamalıyıq ki, faciələr bir daha təkrarlanmasın.

Nəticə olaraq qeyd edə bilərəm ki, “Xocalıya ədalət” kampaniyası dünyada insanlığa qarşı cinayətlərə və haqsızlıqlara qarşı duran müqavimətin rəmzidir! Zaman keçdikcə Xocalı faciəsinin unudulmasına, təhrif edilməsinə yol verməməli, əmanət kimi gələcək nəsillərə ötürməliyik. Bu gün “Xocalıya ədalət” hərəkatı sadəcə bir təsəlli və mərhəmət axtarışı deyil, məğrur xalqımızın sarsılmaz iradəsi olmaqla, “ədaləti bərpa etdik” nidasına çevrilmişdir!

Abbasova Zümrüd,
Xəzər rayonu, 237 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Oxşar Xəbərlər

Back to top button