AnalitikaGündəmSiyasət

Vətən müharibəsi Azərbaycan xalqının birliyi, ordusunun gücü və dövlətinin qətiyyətli siyasəti nəticəsində qazanılmış tarixi qələbə idi

Əfsuslar olsun ki, Vətən müharibəsi Azərbaycan ilə Ermənistan arasında uzun illər davam edən münaqişəyə son qoysa da, Ermənistan dövləti üçün lazımi siyasi və mənəvi dərs olmadı. 2020-ci ildə baş vermiş bu müharibə regionda yeni reallıqlar yaratdı, beynəlxalq hüququn tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Lakin müharibədən sonrakı dövrdə Ermənistanın sərgilədiyi davranışlar göstərir ki, məğlubiyyətə baxmayaraq, hələ də revanşist düşüncələrdən tam imtina edilməmişdir.Vətən müharibəsi Azərbaycan xalqının birliyi, ordusunun gücü və dövlətinin qətiyyətli siyasəti nəticəsində qazanılmış tarixi qələbə idi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi-siyasi strategiya sayəsində işğal altında olan torpaqlar azad edildi. Xüsusilə də Şuşa şəhərinin azad olunması müharibənin taleyini həll edən mühüm hadisə oldu və xalqımızın ruhunu daha da yüksəltdi.Bu qələbə Ermənistana göstərməli idi ki, işğalçılıq siyasəti iflasa uğrayıb və bundan sonra regionda yalnız sülh, əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yaşamaq mümkündür. Lakin təəssüf ki, müharibədən sonra Ermənistan rəhbərliyinin və bəzi siyasi dairələrinin çıxışları, təxribatçı bəyanatları və sərhəd bölgələrində yaratdığı gərginlik bu ölkənin hələ də keçmiş səhvlərindən nəticə çıxarmadığını nümayiş etdirir.

Ermənistanın sülh prosesinə mane olan addımları təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün təhlükə yaradır. Halbuki yaranmış yeni reallıqlar bölgədə iqtisadi inkişaf, nəqliyyat əlaqələrinin bərpası və xalqlar arasında etimadın qurulması üçün geniş imkanlar açır. Azərbaycan bu imkanlardan səmərəli istifadə edərək regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına çalışır. Ermənistan isə hələ də köhnə münaqişə ritorikasına üstünlük verməklə özünü təcrid vəziyyətinə salır.Beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı dəfələrlə regionda sülhün və əməkdaşlığın vacibliyini vurğulamışdır.

Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi bu çağırışların tam reallaşmasına mane olur. Müharibədən sonra mina xəritələrinin tam təqdim edilməməsi, sərhədlərdə gərginlik yaradılması və müxtəlif təxribatlar bu ölkənin sülhə hazır olmadığını göstərən nümunələrdir.Digər tərəfdən, Azərbaycan qalib ölkə kimi humanizm və məsuliyyət nümayiş etdirərək, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və qarşılıqlı etimadın qurulması üçün konkret təkliflər irəli sürmüşdürNəticə etibarilə, Vətən müharibəsi Ermənistan üçün ciddi bir xəbərdarlıq və dərs olmalı idi. Lakin hazırkı vəziyyət göstərir ki, bu dərs hələ tam mənimsənilməyib. Revanşist düşüncələrdən imtina etmədən, reallıqları qəbul etmədən və sülhə səmimi yanaşmadan regionda sabit gələcək qurmaq mümkün deyil. Ermənistan nə qədər tez bu həqiqəti dərk etsə, həm özü, həm də Cənubi Qafqaz üçün bir o qədər faydalı olacaqdır.

Günel Əbdürrəhmanova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button