
Bakıda keçirilən Cənub Qaz Dəhlizi çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclası göstərdi ki, Azərbaycan artıq yalnız enerji istehsalçısı deyil, qlobal enerji təhlükəsizliyinin formalaşmasında fəal rol oynayan strateji aktordur. Prezident İlham Əliyev çıxışında son illərin nəticələrini təhlil edərək Cənub Qaz Dəhlizinin regional təşəbbüsdən beynəlxalq əməkdaşlıq platformasına çevrildiyini vurğuladı.
Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur. Almaniya və Avstriya da daxil olmaqla Avropa İttifaqının 10 üzv dövləti ölkəmizdən qaz alır. Qaz təchizatının Suriyaya qədər genişlənməsi isə enerji siyasətinin həm iqtisadi, həm də humanitar ölçüyə malik olduğunu göstərir.
Artan tələbat fonunda infrastrukturun genişləndirilməsi və yeni yataqlar üzrə hasilatın artırılması əsas prioritetlərdəndir. “Azəri-Çıraq-Günəşli”, “Abşeron”, “Ümid” və “Şahdəniz” layihələri üzrə planlaşdırılan artım yaxın illərdə əlavə 10–15 milyard kubmetr qaz potensialı yaradır.
Bununla yanaşı, Azərbaycan yaşıl enerji keçidini də paralel şəkildə həyata keçirir. 240 meqavatlıq külək və 230 meqavatlıq Günəş elektrik stansiyalarının istismarı, 2032-ci ilə qədər 6–8 giqavat alternativ enerji gücünün yaradılması planı ölkənin balanslı və praqmatik yanaşmasını nümayiş etdirir.
Enerji strategiyası artıq hasilat və ixracla məhdudlaşmır. Türkiyə, Serbiya və İtaliyada həyata keçirilən investisiyalar Azərbaycanın enerji dəyər zəncirində daha yüksək mövqe tutduğunu göstərir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə hidroenerji potensialının reallaşdırılması enerji təhlükəsizliyini milli inkişafla birləşdirir.
Beləliklə, Azərbaycan şaxələndirmə, balans və açıq əməkdaşlıq prinsiplərinə əsaslanan enerji modeli ilə qlobal enerji arxitekturasında mövqeyini daha da möhkəmləndirir.
Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi


