
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı Azərbaycanın enerji strategiyasının müasir mərhələdə prioritetlərini və Avropa ilə tərəfdaşlığın yeni istiqamətlərini bir daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısı çıxışında vurğuladı ki, enerji təhlükəsizliyi bu gün təkcə iqtisadi məsələ deyil, həm də milli təhlükəsizlik və geosiyasi sabitlik amilidir. Azərbaycan uzun illərdir ki, etibarlı tərəfdaş kimi formalaşmış imicini konkret layihələr və öhdəliklərə sadiqliklə möhkəmləndirib.
Preziden İlham Əliyev qeyd etdi ki, Cənub Qaz Dəhlizi artıq uğurla fəaliyyət göstərən və geniş coğrafiyanı əhatə edən strateji infrastruktur sistemidir. Bu dəhliz Xəzər hövzəsinin enerji resurslarını Avropa bazarlarına birbaşa çıxarmaqla bir çox ölkələrin enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Azərbaycan qazının ixrac coğrafiyası genişlənir, yeni bazarlar formalaşır və tərəfdaş ölkələrlə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq daha da dərinləşir. Dövlət başçısı bildirdi ki, infrastrukturun genişləndirilməsi və ötürücülük qabiliyyətinin artırılması üçün əlavə investisiyalar və koordinasiya zəruridir.
Ölkə rəhbərinin çıxışının mühüm hissəsi yaşıl enerji gündəliyinə həsr olundu. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan ənənəvi enerji resurslarına malik olmaqla yanaşı, bərpa olunan enerji sahəsində də böyük potensiala sahibdir. Xəzər dənizinin külək enerjisi imkanları, günəş enerjisi layihələri və regionlarda həyata keçirilən “yaşıl zona” təşəbbüsləri ölkənin gələcək enerji balansında mühüm yer tutacaq. Bu kontekstdə Yaşıl Enerji Məşvərət Şurasının iclası enerji keçidinin koordinasiyalı və planlı şəkildə həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Dövlət başçısı enerji təhlükəsizliyi ilə ekoloji məsuliyyət arasında balansın qorunmasının vacibliyini qeyd etdi. O bildirdi ki, Azərbaycan ədalətli enerji keçidini dəstəkləyir və bu prosesdə həm istehsalçı, həm tranzit, həm də istehlakçı ölkələrin maraqlarının nəzərə alınması vacibdir. Xüsusilə Avropa ilə imzalanmış enerji tərəfdaşlığı sənədləri qarşılıqlı öhdəliklərin və uzunmüddətli əməkdaşlığın əsasını təşkil edir.
Prezident çıxışında regional əməkdaşlığın roluna da toxundu. O vurğuladı ki, Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlıq modelidir və burada iştirak edən bütün ölkələr ümumi məqsəd naminə koordinasiyalı fəaliyyət göstərirlər. Bu model gələcək yaşıl enerji layihələri üçün də nümunə ola bilər. Elektrik enerjisinin ixracı, “yaşıl kabel” təşəbbüsləri və Xəzər hövzəsində külək parklarının yaradılması kimi layihələr Azərbaycanın enerji xəritəsində yeni mərhələnin başlanğıcını göstərir.
Çıxışın sonunda Prezident İlham Əliyev Azərbaycanın üzərinə götürdüyü bütün öhdəliklərə sadiq qaldığını və bundan sonra da etibarlı tərəfdaş kimi fəaliyyət göstərəcəyini bəyan etdi. O, enerji sahəsində dialoq və əməkdaşlığın davamlı inkişaf üçün əsas platforma olduğunu vurğulayaraq, qarşıdakı dövrdə həm qaz təchizatının artırılması, həm də bərpa olunan enerji ixracının genişləndirilməsi istiqamətində konkret addımların atılacağını bildirdi.
Beləliklə, Bakıda keçirilən bu mühüm iclaslar bir daha göstərdi ki, Azərbaycan təkcə enerji resurslarının sahibi deyil, eyni zamanda regional və qlobal enerji təhlükəsizliyinin formalaşmasında fəal iştirak edən strateji tərəfdaşdır. Prezident İlham Əliyevin çıxışı ölkənin həm ənənəvi, həm də yaşıl enerji sahəsində uzunmüddətli baxışını və beynəlxalq əməkdaşlığa açıq mövqeyini aydın şəkildə ifadə etdi.
Aida Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi


