AnalitikaGündəmSiyasət

Azərbaycan yalnız ənənəvi enerji resurslar ilə deyil, eyni zamanda bərpa olunan enerji sahəsində də böyük potensiala malikdir

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları Azərbaycanın enerji siyasətində mühüm hadisələrdən biri kimi yadda qaldı. Tədbirdə çıxış edən İlham Əliyev Azərbaycanın enerji təhlükəsizliyi, regional əməkdaşlıq və yaşıl enerji sahəsində atdığı addımlar haqqında geniş danışdı.

Prezident vurğuladı ki, Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi bu istiqamətdə mühüm rol oynayır. Bu strateji layihə vasitəsilə Xəzər hövzəsinin zəngin enerji resursları Avropa bazarlarına çatdırılır və bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verilir. Dövlət başçısı qeyd etdi ki, layihə artıq öz səmərəliliyini sübut edib və gələcəkdə onun genişləndirilməsi üçün yeni imkanlar nəzərdən keçirilir.

Çıxış zamanı Prezident İlham Əliyev Azərbaycanın yalnız ənənəvi enerji resursları ilə deyil, eyni zamanda bərpa olunan enerji sahəsində də böyük potensiala malik olduğunu diqqətə çatdırdı. O bildirdi ki, ölkəmiz günəş və külək enerjisi sahəsində geniş imkanlara sahibdir və bu potensialın reallaşdırılması üçün beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq aparılır. Azərbaycanın yaşıl enerji strategiyası həm daxili enerji balansının şaxələndirilməsinə, həm də iqlim dəyişiklikləri ilə mübarizəyə mühüm töhfə verir.

Dövlət başçısı həmçinin qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları gələcəkdə “yaşıl enerji zonası” kimi inkişaf etdiriləcək. Bu bölgələrdə günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi planlaşdırılır. Bununla Azərbaycan təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də yaşıl enerji sahəsində regional mərkəz kimi mövqeyini gücləndirməyi hədəfləyir.

Prezident İlham Əliyev çıxışında beynəlxalq əməkdaşlığın əhəmiyyətini də xüsusi vurğuladı. Onun sözlərinə görə, enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, həm də qlobal sabitlik və təhlükəsizliklə sıx bağlıdır. Bu baxımdan Azərbaycan tərəfdaş ölkələrlə əməkdaşlığı daha da genişləndirməyə hazırdır.

Sonda dövlət başçısı bildirdi ki, Azərbaycanın həyata keçirdiyi enerji layihələri regionda sabitliyə və iqtisadi inkişafa xidmət edir. Cənub Qaz Dəhlizi və yaşıl enerji təşəbbüsləri ölkənin uzunmüddətli enerji strategiyasının əsas sütunlarını təşkil edir və bu istiqamətdə görülən işlər Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.
İclas çərçivəsində aparılan müzakirələr bir daha göstərdi ki, Azərbaycan qlobal enerji xəritəsində mühüm yer tutmaqda davam edir və gələcəkdə həm ənənəvi, həm də bərpa olunan enerji sahəsində strateji tərəfdaş kimi rolunu daha da gücləndirəcək.

Günel Əbdurəhmanova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button