AnalitikaGündəmSiyasət

Akademik Zərifə Əliyeva: Azərbaycan qadınının ideal obrazı

15 aprel görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım günü kimi yaddaşlarda yaşayır və onun əziz xatirəsi xalqımız tərəfindən ehtiramla anılır. Zərifə xanımın zəngin və mənalı həyat yolu, tibb elminə verdiyi töhfələr, ailə dəyərlərinə sədaqəti və yüksək mənəvi keyfiyyətləri Azərbaycan qadınının parlaq simasını təcəssüm etdirir.

Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərindən biri olan Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. O, kiçik yaşlarından elmə və biliyə böyük maraq göstərmiş, bu maraq onu tibb sahəsinə yönəltmişdir. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra oftalmologiya sahəsində ixtisaslaşaraq, bu sahənin inkişafına mühüm töhfələr vermişdir.
Onun elmi fəaliyyəti əsasən peşə xəstəlikləri nəticəsində yaranan göz patologiyalarının öyrənilməsi ilə bağlı olmuşdur. Xüsusilə kimya və neft sənayesində çalışan işçilərdə rast gəlinən göz xəstəliklərinin profilaktikası və müalicəsi istiqamətində apardığı tədqiqatlar böyük elmi və praktiki əhəmiyyət kəsb etmişdir. Zərifə xanım bu sahədə yazdığı monoqrafiyalar, elmi məqalələr və tətbiq etdiyi müalicə metodları ilə tibb elminə mühüm yeniliklər gətirmişdir.
O, Azərbaycan oftalmologiya məktəbinin inkişafında mühüm rol oynamış, bir çox gənc həkim və alimlərin yetişməsinə töhfə vermişdir. Akademik kimi qazandığı nüfuz onun elmi zəhmətinin, yüksək peşəkarlığının və insanlara xidmət amalının bariz nümunəsidir.
Zərifə xanım yalnız görkəmli alim deyil, həm də nümunəvi ailə başçısı idi. O, ömrünü Azərbaycan dövlətçiliyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı kimi daim onun yanında olmuş, ən çətin məqamlarda belə mənəvi dayaq rolunu oynamışdır. Onların ailə həyatı qarşılıqlı hörmət, sevgi və sədaqət üzərində qurulmuş, Azərbaycan ailə modelinin ən gözəl nümunələrindən birinə çevrilmişdir.
Ulu öndər Heydər Əliyev Zərifə xanımın həyatını dəyərləndirərkən onu yalnız böyük alim kimi deyil, həm də yüksək mənəviyyata malik bir insan kimi təqdim edirdi. Vurğulayırdı ki, Zərifə xanım onun həyatında təkcə həyat yoldaşı deyil, həm də ən yaxın dostu və etibarlı dayağı olmuşdur. Dövlət rəhbəri kimi ağır və məsuliyyətli fəaliyyətində Zərifə xanımın mənəvi dəstəyi onun üçün böyük əhəmiyyət kəsb edirdi.
Zərifə xanımın ana kimi ən böyük uğurlarından biri isə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev kimi dövlət başçısını yetişdirməsi olmuşdur. O, övladlarına vətənə sevgi, xalqa xidmət, yüksək əxlaqi dəyərlər ruhunda tərbiyə vermiş, bu dəyərlər sonradan onların həyat və fəaliyyətində əsas istiqamətə çevrilmişdir.
Əsl Azərbaycan qadınının simvolu
Zərifə Əliyeva öz fəaliyyəti ilə Azərbaycan qadınının bütün gözəl keyfiyyətlərini özündə birləşdirirdi: zəhmətkeşlik, elmə bağlılıq, ailəyə sədaqət, vətənpərvərlik və yüksək mənəviyyat. O, həm alim, həm həyat yoldaşı, həm də ana kimi mükəmməl bir obraz yaratmışdır.
Zərifə xanımın həyat yolu göstərir ki, qadın cəmiyyətin bütün sahələrində fəal rol oynaya, eyni zamanda ailə dəyərlərini qoruyub saxlaya bilər. Onun həyatı Azərbaycan qadınının elm, ailə və cəmiyyət qarşısındakı yüksək missiyasının parlaq təcəssümüdür.
Zərifə xanım Əliyevanın zəngin elmi irsi, nəcib əməlləri və parlaq xatirəsi bu gün də yaşayır və gələcək nəsillər üçün örnəkdir.

Ziya Vəliyev
YAP Şəki rayon təşkilatının sədr müavini

 

 

Oxşar Xəbərlər

Back to top button