AnalitikaGündəmSiyasət

Bakı–Praqa Xəttində Strateji Yaxınlaşma: İlham Əliyevdən Avropaya Siyasi Mesaj

2026-cı il aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə keçirilən görüş və onun ardınca səsləndirilən mətbuat bəyanatları iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcını simvolizə etdi. Bu bəyanat yalnız diplomatik protokol xarakteri daşımır, həm də Avropa ilə Azərbaycan arasında genişlənən əməkdaşlığın strateji konturlarını aydın şəkildə ortaya qoyur. Prezident İlham Əliyev çıxışında iki ölkə arasında siyasi əlaqələrin dinamik inkişaf etdiyini xüsusi vurğuladı. O qeyd etdi ki, tərəflər arasında fəal siyasi dialoq mövcuddur və bu dialoq artıq davamlı əməkdaşlıq müstəvisinə keçib. Dövlət başçısı xatırlatdı ki, tərəflər bundan əvvəl Davosda keçirilən görüş zamanı da bir çox məsələlər üzrə fikir mübadiləsi aparıblar və həmin görüş bu səfərin əsasını təşkil edib. Bu kontekstdə Qəbələ görüşü təsadüfi hadisə deyil, məqsədyönlü siyasi xəttin davamı kimi qiymətləndirilir. Prezidentin sözləri ilə desək, bu səfər “iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir”. Bəyanatda ən çox diqqət çəkən istiqamətlərdən biri enerji sahəsində əməkdaşlıq oldu. İlham Əliyev Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı olduğunu bir daha vurğuladı. Qeyd edildi ki, Azərbaycan artıq çoxsaylı Avropa ölkələrinə enerji resursları ixrac edir və bu sahədə Çexiya ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan qazının Çexiyaya qonşu ölkələrə ixrac edilməsi və gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi perspektivi diqqətə çatdırıldı. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun artdığını göstərir. Çexiyanın Baş naziri Andrey Babiş isə öz çıxışında Azərbaycanın ölkəsi üçün əsas neft tədarükçüsü olduğunu bildirdi və bu faktın iki ölkə arasında iqtisadi əlaqələrin strateji xarakter daşıdığını nümayiş etdirdiyini vurğuladı. Prezident İlham Əliyev bəyanatında iqtisadi əlaqələrin şaxələndirilməsi məsələsinə də toxundu. Bildirildi ki, enerji sahəsi ilə yanaşı, digər iqtisadi istiqamətlərdə də böyük potensial mövcuddur və bu potensialın reallaşdırılması üçün konkret addımlar atılacaq. Qəbələdə keçirilən Azərbaycan–Çexiya biznes forumu da bu məqsədə xidmət edir və işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulmasına imkan yaradır. Bəyanat çərçivəsində diqqət çəkən digər mühüm istiqamət hərbi-texniki əməkdaşlıq oldu. Çexiya tərəfi Azərbaycana yeni təlim-döyüş təyyarələrinin təklif edildiyini açıqladı. Bu, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişlənə biləcəyini göstərir. Bununla yanaşı, Prezident İlham Əliyev müdafiə sənayesi sahəsində birgə istehsal layihələri üzrə danışıqların aparıldığını qeyd etdi ki, bu da əməkdaşlığın daha dərin və uzunmüddətli xarakter alacağından xəbər verir. Andrey Babiş çıxışında Azərbaycanın Çexiya üçün strateji tərəfdaş olduğunu açıq şəkildə bəyan etdi. Bu fikir təkcə ikitərəfli münasibətlərin deyil, həm də Azərbaycanın regionda artan geosiyasi rolunun göstəricisidir. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat göstərdi ki, Azərbaycan–Çexiya münasibətləri artıq klassik diplomatik əlaqələr çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Enerji təhlükəsizliyi, iqtisadi şaxələndirmə, müdafiə əməkdaşlığı və siyasi dialoq kimi əsas istiqamətlər bu tərəfdaşlığın dayanıqlı əsaslarını təşkil edir.

Qəbələdə səsləndirilən mesajlar yalnız iki ölkə üçün deyil, bütövlükdə Avropa–Cənubi Qafqaz münasibətləri üçün yeni perspektivlər açır. Bu bəyanat, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş və mühüm geosiyasi aktor kimi mövqeyinin daha da möhkəmləndiyini bir daha təsdiqlədi.

Ramin Əliyev,
Yeni Azərbaycan partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button