AnalitikaGündəmİdman

Azərbaycanda idman dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Prezident İlham Əliyevin Avropa çempionatında yüksək nəticələr göstərmiş güləşçilərlə görüşü həm idman ictimaiyyəti, həm də dövlət siyasəti baxımından mühüm əhəmiyyət kəsb edən hadisədir. Bu görüşlər ənənəvi xarakter daşısa da, hər dəfə Azərbaycanın idman dövləti kimi nüfuzunu və gələcək hədəflərini yenidən formalaşdırır.

Prezident İlham Əliyev öz çıxışında idmançıların qazandığı uğurların təsadüfi olmadığını, bunun uzunmüddətli və sistemli dövlət siyasətinin nəticəsi olduğunu vurğulayıb. Güləşçilərin Avropa çempionatında qazandığı medallar təkcə fərdi nailiyyət deyil, həm də milli qürur mənbəyi kimi qiymətləndirilir.

Azərbaycan dövləti idmançılar üçün bütün zəruri şəraiti yaradıb. Müasir olimpiya kompleksləri və təlim-məşq bazaları bu qələbələrin təməlidir.

Güləş Azərbaycanda qədim ənənələrə malikdir. Prezident qeyd edib ki, “Güləş bizim milli idman növümüzdür. Bizim genetik kodumuzda güləşə sevgi və bu sahədə qəhrəmanlıq ənənələri var. bu növün inkişafı xüsusi nəzarətdədir və beynəlxalq arenada əldə olunan üstünlük qorunub saxlanılmalıdır.”

Qələbə anında Azərbaycan bayrağının ucaldılması və himnimizin səslənməsi gənc nəsil üçün ən böyük tərbiyəvi nümunədir.

İlham Əliyev çıxışında idmançılara təkcə fiziki hazırlığın deyil, həm də mənəvi hazırlığın vacibliyini xatırladıb. O, idmançıların cəmiyyətdə davranışları ilə də nümunə olmalı olduqlarını qeyd edir: “Siz həm yarış meydanında, həm də həyatda Azərbaycan gəncinin müsbət obrazını təmsil edirsiniz. Sizin uğurlarınız ölkəmizin gücünü göstərir.”

Dövlət başçısı qarşıda duran əsas sınaqlar-Dünya çempionatları və xüsusilə Olimpiya Oyunları barədə tapşırıqlarını verib. Avropa çempionatındakı qələbənin arxayınlıq yaratmamalı olduğunu, əksinə, daha böyük zirvələr üçün stimul verməli olduğunu bildirib.

Görüşün sonunda çempionlar və məşqçilər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Onlar vurğulayıblar ki, Prezidentlə hər bir görüş yeni bir enerji mənbəyidir və növbəti yarışlarda Azərbaycan bayrağını ucaltmaq üçün böyük məsuliyyət yaradır.

Bu görüş bir daha sübut edir ki, Azərbaycanda idman dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya idman xəritəsində öz mövqeyini ildən-ilə möhkəmləndirir.

Heydər Rəhimov,
Nizami bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı

 

Oxşar Xəbərlər

Back to top button