SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Aktualinfo Media Qrup xəbər verir ki, tədbir çərçivəsində Ümummilli Liderin zəngin həyat yolunu və siyasi fəaliyyətini əks etdirən videoçarx təqdim edilib. Daha sonra çıxış edən SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəis müavini Nurəddin Məmmədov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və digər natiqlər Heydər Əliyevin dövlətçilik tariximizdə oynadığı müstəsna rolu diqqətə çatdırıblar. Bildirilib ki, Ulu Öndərin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan mürəkkəb dövrləri uğurla geridə qoyaraq sabitlik və davamlı inkişaf yoluna çıxıb, möhkəm dövlətçilik təməli formalaşıb.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.









