AnalitikaGündəmSiyasət

Milli birliyin və dövlətçilik ənənələrinin təntənəsi

Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu müstəqillik ideyaları müasir Azərbaycan Respublikasında uğurla davam etdirilir

Azərbaycan xalqının tarixində mayın 28-i xüsusi əhəmiyyət daşıyan bir gündür. Bu gün 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bağlıdır. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olmuş, yalnız ölkəmizin deyil, bütövlükdə Şərq və müsəlman aləmində demokratik ənənələrin formalaşmasına töhfə vermişdir. Şərqdə ilk parlamentli respublika kimi tarixə düşən AXC milli dövlət quruculuğu, insan hüquqları, hüquqi dövlət prinsipləri və parlamentçilik ənənələrinin əsasını qoymuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük nailiyyətlərindən biri parlamentli idarəetmə sisteminin yaradılması idi. AXC parlamenti təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin ilk demokratik parlamentlərindən biri hesab olunur. Parlament çoxpartiyalı əsasda fəaliyyət göstərirdi və burada müxtəlif millətlərin nümayəndələri təmsil olunurdu. Azərbaycanlılarla yanaşı ruslar, ermənilər, yəhudilər və digər xalqların nümayəndələri də parlamentdə iştirak edirdilər. Bu, AXC rəhbərliyinin demokratik dəyərlərə, siyasi plüralizmə və milli tolerantlığa böyük önəm verdiyini göstərirdi. Parlamentdə qəbul edilən qanunlar dövlət idarəçiliyinin formalaşdırılmasına, iqtisadiyyatın inkişafına və vətəndaş hüquqlarının qorunmasına xidmət edirdi.

AXC-nin ən mühüm demokratik addımlarından biri qadınlara seçki hüququnun verilməsi olmuşdur. Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi idi. Hətta bir sıra Avropa dövlətlərindən daha əvvəl bu hüququ tanıması AXC-nin nə qədər mütərəqqi və demokratik dövlət olduğunu göstərirdi. Bu addım cəmiyyətdə qadının rolunun yüksəlməsinə, gender bərabərliyinin formalaşmasına və demokratik düşüncənin inkişafına böyük təsir göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti milli dövlət atributlarının yaradılması istiqamətində də mühüm işlər görmüşdür. Dövlət bayrağı, gerbi və himni qəbul edilmiş, milli ordu yaradılmışdır. Xüsusilə üçrəngli bayraq Azərbaycan xalqının milli kimliyinin və müstəqillik idealının simvoluna çevrilmişdir. Milli ordunun yaradılması isə dövlətin təhlükəsizliyinin təmin olunması və ərazi bütövlüyünün qorunması baxımından mühüm əhəmiyyət daşıyırdı. AXC rəhbərləri anlayırdılar ki, güclü dövlətin əsas şərtlərindən biri milli ordunun mövcudluğudur.

AXC hökuməti təhsil və maarifçiliyin inkişafına xüsusi diqqət yetirirdi. Dövlət büdcəsindən təhsilə böyük vəsait ayrılmış, məktəblərin fəaliyyəti genişləndirilmişdir. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması Cümhuriyyətin ən böyük nailiyyətlərindən biri olmuşdur. Bakı Dövlət Universiteti ölkədə milli kadrların hazırlanmasına və elmin inkişafına mühüm töhfə verdi. Təhsil sahəsində aparılan islahatlar xalqın maariflənməsinə və milli şüurun inkişafına xidmət edirdi. Mədəniyyət sahəsində də mühüm addımlar atılmış, milli mətbuatın və ədəbiyyatın inkişafı üçün şərait yaradılmışdır. AXC dövründə milli ideologiyanın formalaşması və milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin vacib istiqamətlərindən biri idi.

Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq aləmdə tanınmaq və ölkənin milli maraqlarını qorumaq üçün fəal diplomatik siyasət yürüdürdü. Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı dövlətin beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm addım olmuşdur. 1920-ci ilin yanvarında Antanta dövlətləri Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanıdılar. Bu hadisə gənc respublikanın beynəlxalq nüfuzunun artdığını göstərirdi. AXC diplomatiyası Azərbaycanın müstəqil dövlət kimi dünya siyasətində yer almasına çalışırdı.

1920-ci ilin aprelində bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bununla belə, AXC-nin qoyduğu demokratik dövlətçilik ənənələri xalqın yaddaşında yaşamağa davam etdi. Sovet hakimiyyəti dövründə belə milli azadlıq və müstəqillik ideyaları unudulmadı.

XX əsrin sonlarında Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan yenidən müstəqillik qazandı. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Lakin həmin dövrdə ölkədə yaranmış siyasi böhran, iqtisadi çətinliklər, hakimiyyət uğrunda mübarizə və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dövlət müstəqilliyini ciddi təhlükə qarşısında qoymuşdu. Ölkədə xaos, anarxiya və vətəndaş qarşıdurması hökm sürürdü. Azərbaycan parçalanmaq və dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır və mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarına çevrildi. Ulu Öndər böyük siyasi təcrübəsi, qətiyyəti və uzaqgörənliyi sayəsində ölkədə ictimai-siyasi sabitliyi təmin etdi. Onun həyata keçirdiyi tədbirlər nəticəsində dövlət idarəçiliyi möhkəmləndirildi, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi və vətəndaş qarşıdurmasının qarşısı alındı.

Ulu Öndər Heydər Əliyev deyirdi ki, müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi. Buna görə də Ulu Öndər ilk növbədə dövlətçilik əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu, hüquqi və demokratik dövlət quruculuğunun əsası yaradıldı. Eyni zamanda ölkənin iqtisadi inkişafı üçün mühüm islahatlar həyata keçirildi.

Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi kurs nəticəsində Azərbaycan daha da gücləndi, regionun lider dövlətinə çevrildi. Cənab Prezident öz çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə xüsusi yer tutduğunu dəfələrlə vurğulayıb: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”. Dövlətimizin başçısının AXC haqqında söylədikləri fikirlər göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti yalnız tarixi keçmiş deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin ideoloji və siyasi əsaslarından biridir.

Azərbaycanda güclü iqtisadiyyatın və ordunun formalaşdırılması ölkəmizin milli maraqlarının qorunmasına imkan yaratdı. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycanın dövlətçilik tarixində yeni şanlı səhifə açdı və ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

Bu gün 28 May – Müstəqillik Günü tarixi bir hadisənin qeyd olunması ilə yanaşı, həm də Azərbaycan xalqının azadlıq ruhunun, milli birliyinin və dövlətçilik ənənələrinin təntənəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu müstəqillik ideyaları müasir Azərbaycan Respublikasında uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan müstəqil, güclü və qüdrətli dövlət kimi inkişaf yolunu inamla davam etdirir.

Azərbaycan xalqı bu gün öz müstəqilliyinin qədrini yaxşı bilir və dövlətçilik ənənələrini qorumağı ən müqəddəs vəzifələrdən biri hesab edir. 28 May – Müstəqillik Günü xalqımızın milli qürurunun, azadlıq iradəsinin və gələcəyə olan inamının rəmzidir.

Səadət Məhərrəmova,
BDU-nun Fizika fakükəsinin Astrofizika kafedrasının tədris laboratoriyasının müdiri

 

 

 

 

 

 

Oxşar Xəbərlər

Back to top button