
2020-ci ilin payızında reallaşan 44 günlük Vətən Müharibəsi təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, həm də regional və qlobal güc balansını kökündən dəyişdirdi. Bu şanlı Zəfərin hüquqi, siyasi və strateji tacı isə 15 iyun 2021-ci il tarixində ucaldıldı. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın döyünən ürəyi Şuşada imzalanan müttəfiqlik bəyannaməsi, çoxəsrlik Azərbaycan-Türkiyə qardaşlığını rəsmən zirvəyə daşıdı.
“Şuşa Bəyannaməsi” sadəcə iki dövlət arasında imzalanmış növbəti sənəd deyil; bu, regional sülhün xəritəsi, Türk dünyasının inteqrasiya manifesti və Şuşa zirvəsindən dünyaya nümayiş etdirilən yeni bir geosiyasi baxışdır.
Azərbaycan və Türkiyə münasibətləri tarix boyu sınaqlardan keçmiş, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə yoğrulmuşdur. Şuşa Bəyannaməsi bu mənəvi və ideoloji tezisləri rəsmi, hüquqi və öhdəlik yaradan bir sənədə çevirdi.
Sənədin məhz 15 iyun – Milli Qurtuluş Günündə və düz 100 il əvvəl imzalanmış Qars müqaviləsinə (1921) istinad edilərək imzalanması dərin tarixi rəmzi məna daşıyır.
Bir əsr əvvəl Qars müqaviləsi Naxçıvanın təhlükəsizliyini təmin edən bir qalxan idisə,bir əsr sonra Şuşa Bəyannaməsi bütün Azərbaycanın, Qarabağın və Şərqi Zəngəzurun təhlükəsizliyini təmin edən qlobal bir zəmanətə çevrildi. Bu müqavilə ilə iki ölkə arasındakı strateji tərəfdaşlıq keyfiyyətcə yeni bir mərhələyə- Müttəfiqlik statusuna yüksəldi. Bu, dostluğun sadəcə sözdə deyil, taleyüklü məsələlərdə rəsmi öhdəlik şəklində qorunacağının bəyanıdır.
Şuşa Bəyannaməsinin imzalandığı məkan təsadüfi seçilməmişdi. Şuşa – rəqibin kapitulyasiya bəyannaməsinə imza atmağa məcbur edildiyi, Azərbaycan əsgərinin dastan yazdığı sıldırım qayalarla əhatələnmiş bir qaladır. Bu qaladan dünyaya çox aydın və qətiyyətli mesajlar verildi.
Bəyannamənin ən mühüm bəndi hərbi təhlükəsizliklə bağlıdır. Sənəddə açıq şəkildə qeyd olunur ki, tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə üçüncü bir dövlət tərəfindən təhdid və ya təcavüz edilərsə, Azərbaycan və Türkiyə bir-birinə hərbi yardım göstərəcək.
Şuşadan baxanda görünən ən böyük vizyonlardan biri də iqtisadi və nəqliyyat inteqrasiyasıdır. Sənəddə Zəngəzur dəhlizinin açılması strateji hədəf kimi təsbit edildi. Bu dəhliz təkcə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirmir, Pekin ilə Londonu birləşdirən qlobal Şərq-Qərb Mərkəzi Dəhlizinin (Middle Corridor) ən təhlükəsiz və qısa halqasını formalaşdırır. Şuşa Bəyannaməsi ilə bu layihə beynəlxalq logistika xəritəsinə rəsmən həkk olundu.
Şuşa Bəyannaməsi, Türk Dövlətləri Təşkilatının (TDT) institusionallaşması yolunda katalizator rolunu oynadı. Bakı və Ankara nümayiş etdirdi ki, Türk dünyasının inteqrasiyası artıq sadəcə mədəni-humanitar deyil, hərbi-strateji və iqtisadi müstəviyə keçib. Bu bəyannamə digər Türk respublikaları üçün gələcək təhlükəsizlik arxitekturasının modelidir.
Azərbaycan ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına (NATO modelinə) tam uyğunlaşdırılması prosesi bu sənədlə rəsmiləşdi. Müştərək hərbi təlimlər, texnologiya transferi (məsələn, “Baykar” və digər müdafiə sənayesi nəhənglərinin Azərbaycandakı fəaliyyəti) təhlükəsizliyin qarantıdır.
Cənub Qaz Dəhlizi (TANAP və TAP) vasitəsilə Avropanın enerji xəritəsini yenidən cızan iki ölkə, Şuşadan dünyaya etibarlı enerji tərəfdaşı olduqlarını bir daha elan etdilər.
Sənəd, xaricdəki Azərbaycan və Türkiyə diasporlarının vahid mərkəzdən fəaliyyət göstərməsini tələb edir. Həmçinin, Birgə Media Platforması vasitəsilə iki ölkəyə qarşı yönələn hibrid təhdidlərə və dezinformasiya müharibələrinə qarşı vahid qalxan yaradılmışdır.
Şuşa Bəyannaməsi, Azərbaycanın və Türkiyənin regional liderlikdən qlobal aktora çevrilmək yolundakı ortaq iradəsidir. Şuşanın uca zirvələrindən dünyaya baxanda görünən mənzərə budur: Artıq Cənubi Qafqazda region kənarındakı güclərin diktəsi ilə deyil, regionun əsl sahiblərinin iradəsi ilə formalaşan yeni bir nizam var.
Bu bəyannamə sadəcə bugünkü siyasi konyunkturaya xidmət etmir. Şuşada atılan imzalar, gələcək nəsillərə qalan ən böyük strateji miras, Türk dünyasının sarsılmaz birliyinin əbədi qarantıdır. Dövlət başçılarının da qeyd etdiyi kimi, bu birlik heç kimə qarşı yönəlməyib, sadəcə sülhün, ədalətin və tərəqqinin qorunmasına xidmət edir.
Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı



