AnalitikaGündəmOrdu
Trend

Rəşadət Xalıqov: Azərbaycan Ordusu xalqımızın iradəsinin, dövlətimizin qüdrətinin və müstəqil gələcəyimizin ən möhkəm dayaqlarından biridir

“26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü xalqımızın müasir dövlətçilik tarixində mühüm siyasi, hərbi və mənəvi məna daşıyan əlamətdar gündür. Bu tarix Azərbaycan dövlətinin müstəqilliyini qorumaq əzmini, milli təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən məqsədyönlü siyasəti və xalqın ordu ilə bağlı tarixi bağlılığını özündə əks etdirir. Güclü dövlət anlayışının əsas dayaqlarından biri olan güclü ordu Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutur. Azərbaycan Ordusunun bugünkü səviyyəyə çatması uzunmüddətli dövlət strategiyasının nəticəsidir. Bu yolun əsasını qoyan ən mühüm siyasi iradə məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi mürəkkəb siyasi və hərbi vəziyyət, idarəçilik problemləri və təhlükəsizlik çağırışları nizami və peşəkar ordunun yaradılmasını dövlətin qarşısında duran əsas məsələlərdən birinə çevirmişdi. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyinin bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da yeni mərhələ başladı”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə orduda vahid komandanlıq prinsipləri möhkəmləndirildi, nizami idarəetmə sistemi formalaşdırıldı və Azərbaycan Ordusunun dövlətçilik ənənələri yaradıldı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Ordusunun inkişafı yeni mərhələyə qədəm qoydu. Dövlətin iqtisadi imkanlarının artması müdafiə sektorunun modernləşdirilməsinə, ordunun maddi-texniki bazasının yenilənməsinə və şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəldildi. Müasir dövrün tələblərinə uyğun olaraq ordunun idarəetmə sistemi, hərbi hazırlıq imkanları və texnoloji potensialı inkişaf etdirildi. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi fəaliyyəti Azərbaycanın hərbi tarixində xüsusi mərhələ yaratdı. Onun rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan Ordusu yalnız müdafiə qabiliyyətini artırmadı, eyni zamanda qarşıya qoyulan strateji məqsədləri həyata keçirmək gücünə malik olan müasir orduya çevrildi.

“2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu müharibə uzun illər ərzində həyata keçirilən dövlət siyasətinin, ordu quruculuğunun və milli həmrəyliyin nəticəsini ortaya qoydu. Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi hazırlıq, komandanlıq sistemi və yüksək iradə nəticəsində tarixi Zəfər əldə edildi. Bu Zəfər eyni zamanda siyasi və diplomatik baxımdan böyük əhəmiyyət daşıyan hadisə idi. Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində beynəlxalq hüquqa əsaslanan mövqeyini real nəticə ilə təmin etdi. Müharibə göstərdi ki, müasir dövrdə qələbənin əsas şərtləri həm də strateji düşüncə, güclü idarəçilik, peşəkar komanda və milli iradədir. Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi mərhələ açıldı. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesləri ilə yanaşı, ölkənin təhlükəsizlik sisteminin daha da möhkəmləndirilməsi əsas istiqamətlərdən biri oldu. Yeni dövr ordunun inkişafına da yeni yanaşmalar tələb edir. Müasir təhlükəsizlik çağırışları qarşısında çevik idarəetmə, yüksək hazırlıq səviyyəsi və komanda birliyi xüsusi əhəmiyyət daşıyır”.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun gücü həm də xalqla ordu arasındakı mənəvi bağdan qaynaqlanır. 44 günlük Vətən müharibəsi dövründə cəmiyyətin dövlət və ordu ətrafında nümayiş etdirdiyi birlik Azərbaycanın milli gücünün ən mühüm göstəricilərindən biri oldu. Bu gün Azərbaycan Silahlı Qüvvələri müstəqilliyimizin qoruyucusu, dövlət suverenliyimizin əsas təminatçısı və milli qürurumuzun ifadəsidir. Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik təməli, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən ordu quruculuğu siyasəti və Azərbaycan xalqının iradəsi nəticəsində ölkəmiz regionda güclü və müasir hərbi potensiala malik dövlətə çevrilmişdir.

Oxşar Xəbərlər

Back to top button