AnalitikaGündəmOrdu

Milli Ordumuzun Yaradılmasından Keçən Şərəfli Yol: 26 İyun

26 iyun Azərbaycan Respublikasının tarixində xüsusi yer tutan əlamətdar günlərdən biridir. Məhz 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk milli hərbi hissələrin yaradılması haqqında qərar qəbul edilmiş və bununla da milli ordumuzun təməli qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 1998-ci ildə imzalanmış Fərmana əsasən, 26 İyun tarixi Silahlı Qüvvələr Günü kimi qeyd olunur.

Azərbaycan Ordusunun formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə hökm sürən siyasi böhranı aradan qaldırmaqla yanaşı, nizami ordu quruculuğunu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Onun rəhbərliyi ilə ordu vahid komandanlıq altında birləşdirildi, hərbi intizam gücləndirildi və peşəkar kadr hazırlığına xüsusi diqqət yetirildi.

Bu siyasi kurs Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Son illər ərzində Azərbaycan Ordusunun maddi-texniki bazası daha da möhkəmləndirildi, ən müasir silah və hərbi texnika ilə təchiz olundu, hərbçilərin sosial müdafiəsi gücləndirildi. Azərbaycanın müdafiə potensialı əhəmiyyətli dərəcədə artırıldı və Silahlı Qüvvələr regionun ən güclü ordularından birinə çevrildi.

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, peşəkarlığını və yüksək döyüş hazırlığını bütün dünyaya nümayiş etdirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tarixi Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.. Bununla da dövlətimizin qarşısında duran ən mühüm milli hədəflərdən biri uğurla reallaşdırıldı.

Bu gün Azərbaycan Silahlı Qüvvələri müstəqilliyimizin, suverenliyimizin və təhlükəsizliyimizin etibarlı təminatçısıdır. Ordumuzun qazandığı uğurlar xalq-dövlət-ordu birliyinin ən parlaq nümunəsidir. Azərbaycan əsgərinin qəhrəmanlığı, vətənpərvərliyi və peşəkarlığı gələcək nəsillər üçün örnək olaraq qalacaqdır.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, qazilərimizi, veteranlarımızı və şəhid ailələrini dərin ehtiramla təbrik edir, Vətənimizin keşiyində dayanan qəhrəman oğul və qızlarımıza möhkəm can sağlığı, yeni uğurlar arzulayırıq.

Yaşasın Azərbaycan Ordusu! Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın müstəqil Azərbaycan!

Səbinə Həsənova,
YAP-ın fəalı 

Oxşar Xəbərlər

Back to top button