
Müstəqil Azərbaycanın qazandığı uğurların təməlində uzaqgörən dövlətçilik strategiyası, milli maraqlara söykənən prinsipial siyasət və Prezident cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti dayanır. Son illər ölkəmizin beynəlxalq münasibətlər sistemində qazandığı nüfuz, etibarlı tərəfdaş kimi formalaşdırdığı mövqe və həyata keçirdiyi qlobal əhəmiyyətli layihələr Azərbaycanın söz sahibi olan dövlətə çevrildiyini bir daha təsdiqləyir.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Azərbaycana səfəri də məhz bu reallığın növbəti təsdiqi kimi qiymətləndirilməlidir. Bu səfər diplomatik protokol çərçivəsində həyata keçirilən adi görüş deyil, Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı etimadın, siyasi dialoqun və strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm hadisədir.
Prezident cənab İlham Əliyevin görüş zamanı səsləndirdiyi fikirlər bir daha nümayiş etdirdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və milli maraqlar prinsiplərinə əsaslanan xarici siyasət yürüdür. Məhz buna görə də ölkəmiz bu gün həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi qəbul olunur.
Azərbaycanın təşəbbüsü və böyük maliyyə resursları hesabına reallaşdırılan enerji layihələri artıq təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası nəticəsində ölkəmiz Avropanın enerji xəritəsində mühüm mövqeyə sahib olmuşdur. Təbii qaz ixracının artması, yeni bazarların formalaşması və enerji marşrutlarının şaxələndirilməsi Azərbaycanın etibarlılığının ən mühüm göstəricilərindəndir.
Bu gün dünya enerji təhlükəsizliyini milli təhlükəsizliyin ayrılmaz hissəsi hesab edir. Azərbaycan isə illər öncə qəbul etdiyi strateji qərarların nəticəsində bu sahədə nümunəvi model yaratmışdır. Məhz uzaqgörən siyasətin nəticəsidir ki, ölkəmiz təkcə enerji resurslarını ixrac edən dövlət deyil, həm də enerji təhlükəsizliyinin təminatçılarından biri kimi tanınır.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də yaşıl enerji siyasəti oldu. Azərbaycan artıq ənənəvi enerji istehsalçısı olmaqla yanaşı, bərpaolunan enerji sahəsində də regionun liderinə çevrilmək əzmindədir. Günəş və külək enerjisi üzrə həyata keçirilən layihələr ölkəmizin gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu istiqamətdə Avropa Komissiyası ilə əməkdaşlığın genişləndirilməsi həm Azərbaycanın, həm də Avropanın uzunmüddətli maraqlarına xidmət edir.
Azərbaycanın nəqliyyat-logistika sahəsində qazandığı nailiyyətlər də ölkəmizin beynəlxalq əhəmiyyətini daha da artırır. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycan son illərdə bu istiqamətdə böyük infrastruktur layihələri həyata keçirmişdir. Müasir limanlar, dəmir yolları və avtomobil magistralları ölkəmizi Avrasiyanın ən mühüm tranzit mərkəzlərindən birinə çevirmişdir. Bu isə Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasətinin real nəticəsidir.
Görüşdə regional təhlükəsizlik və Cənubi Qafqazda davamlı sülhün təmin olunması məsələlərinin geniş müzakirə edilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Vətən müharibəsində qazandığı tarixi Zəfərlə öz ərazi bütövlüyünü və suveren hüquqlarını tam bərpa etdi. Bununla yanaşı, ölkəmiz bölgədə uzunmüddətli sülhün təmin olunması istiqamətində də ardıcıl və konstruktiv mövqe nümayiş etdirir. Bu siyasət gücdən doğan ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.
Bu gün artıq dünya Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir. Azərbaycanın təşəbbüsləri regional əməkdaşlığın genişlənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və xalqlar arasında etimadın möhkəmlənməsinə xidmət edir. Bu baxımdan Avropa Komissiyasının rəhbərinin ölkəmizə səfəri həm də Azərbaycanın beynəlxalq nüfuzuna verilən yüksək qiymətin ifadəsidir.
Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın hərtərəfli inkişafını təmin etmiş, ölkəmizi dünyanın etibarlı tərəfdaşlarından birinə çevirmişdir. Dövlətimizin qazandığı bütün uğurların əsasında milli maraqlara söykənən qətiyyətli siyasət, xalq-iqtidar birliyi və davamlı inkişaf strategiyası dayanır.
Əminliklə demək olar ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi bundan sonra da daha da möhkəmlənəcək, ölkəmiz enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-kommunikasiya layihələri və regional sülhün təmin olunması istiqamətində mühüm təşəbbüslərlə çıxış etməyə davam edəcəkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın milli maraqlarını etibarlı şəkildə qorumaqla yanaşı, dövlətimizin qüdrətini, beynəlxalq nüfuzunu və strateji tərəfdaşlıq imkanlarını daha da genişləndirəcəkdir.
Xədicə Əliyeva,
Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatının Astara Təhsil Sektoru üzrə Ərazi Partiya Təşkilatının sədri, Astara Təhsil Sektorunun müdiri



