AnalitikaDünyaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Slovakiya Prezidentinin Şuşa səfəri: Strateji tərəfdaşlıqdan dostluq zirvəsinə

Azərbaycanın xarici siyasətində mühüm tarixi günlərdən biri yaşanmaqdadır. İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri və xüsusilə də onun Qarabağın tacı olan Şuşa şəhərində qarşılanması ölkələrimiz arasındakı diplomatik və dostluq münasibətlərini strateji zirvəyə daşımışdır.

Füzuli Beynəlxalq Hava Limanında qarşılanan, daha sonra isə Şuşada rəsmi qarşılanma mərasimi keçirilən ali qonağın bu səfəri, təkcə rəsmi protokollardan ibarət olmayıb, həm rəmzi mənası, həm də praktiki nəticələri baxımından tarixi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçılarının Şuşada keçirdikləri təkbətək və geniştərkibli görüşlər, habelə mətbuata bəyanatları ölkələr arasındakı səmimi dostluq münasibətlərinin ali dəyərini bir daha nümayiş etdirmişdir.

Slovakiya Prezidenti Peter Pelleqrininin ölkəmizə reallaşdırdığı bu səfər, iki dövlət arasında mövcud olan siyasi dialoqun ən yüksək mərhələyə keçdiyinin rəsmi təsdiqidir. Şuşanın artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də qlobal diplomatik mərkəzə çevrilməsi fonunda Slovakiya liderinin bu qədim şəhərdə qəbul edilməsi xüsusi mesaj xarakteri daşıyır.

Prezident Peter Pelleqrini Şuşadakı bəyanatında Azərbaycanın regionda oynadığı mühüm rolu belə ifadə etmişdir: “Slovakiya praqmatik münasibətlər qurur, dünyanın istənilən yerində özünə tərəfdaş və dost axtarır. Çox məmnunam ki, Azərbaycan onların sırasındadır. Azərbaycan mühüm regional iştirakçıdır. O, sabitliyin və inkişafın qarantıdır, Şərqlə Qərbi birləşdirən logistika və nəqliyyat marşrutlarının əsas qovşağı rolunu oynayır.”

Bu fikirlər Slovakiyanın Azərbaycana sadəcə bir tərəfdaş kimi deyil, eyni zamanda Avrasiyanın geosiyasi və geoiqtisadi xəritəsində sabitləşdirici element kimi yanaşdığının bariz sübutudur.

Səfərin ən önəmli və praktiki sahələrindən biri işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələridir. Azərbaycan bu nəhəng missiyada yalnız real dost dövlətlərin iştirakına önəm verir ki, Slovakiya da bu siyahıda ön sıralardadır. Ağdamın Qərvənd kəndinin yenidən qurulması layihəsində Slovakiya şirkətlərinin yaxından iştirakı bu dəstəyin əyani təzahürüdür.

“Mən və həmkarlarım burada həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinin şahidi olduq. Sizin belə qısa müddətdə əldə etdiyiniz nailiyyətləri xüsusi qeyd etmək istərdim. Şuşada və Qarabağda olmaq mənim üçün böyük şərəfdir.”- Slovakiya Prezidenti bəyanatında söyləyib.

Slovakiya şirkətlərinin bu bərpa prosesinə “Ağıllı kənd” və qabaqcıl texnoloji həllər çərçivəsində verdiyi töhfə, iki ölkə arasındakı əlaqələrin kağız üzərində deyil, birbaşa torpaqda və quruculuqda əks olunduğunu təsdiqləyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Prezidentinin səfərinə, keçirilən görüşlərə və əldə olunan razılaşmalara ali qiymət verərək, bu təmasların strateji tərəfdaşlıq formatını daha da möhkəmləndirdiyini qeyd etmişdir. Dövlətimizin başçısı Slovakiya-Azərbaycan əlaqələrinin sürətli inkişaf dinamikasını yüksək qiymətləndirərək vurğulamışdır: “İlk növbədə, cənab Prezident, Sizi bir daha Azərbaycandakı, Qarabağda salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Şadam ki, Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır.”

Prezident İlham Əliyev qeyd etmişdir ki, imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” münasibətlərin gələcək hədəflərini dəqiq müəyyən edir və Şuşada aparılan danışıqlar bu müqavilənin müddəalarının real həyatda necə uğurla tətbiq olunduğunu nümayiş etdirir. Azərbaycan Prezidenti enerji təhlükəsizliyi, müdafiə sənayesi və ticarət əlaqələrində əldə olunan yeni perspektivlərə ali səviyyədə diqqət çəkmişdir.

Mətbuata bəyanatlar zamanı dövlət başçılarının çıxışlarında rəsmiyyətlə yanaşı, olduqca səmimi və dostluq mühiti hökm sürmüşdür. Slovakiya Prezidenti Peter Pelleqrini, keçmişdə fərqli vəzifələrdə olarkən Azərbaycana etdiyi səfərləri xatırladaraq çıxışını maraqlı və pozitiv fikirlərlə yekunlaşdırmışdır: “Görünür, hər dəfə Azərbaycana səfər edəndə hər işim yaxşı gedir və siyasi karyeram növbəti mərhələyə keçir. Buna görə də Sizə minnətdaram. Hər ikimizə daha çox yaxşı və dost görüşləri, ölkələrimizə isə  davamlı rifah və əla münasibətlər arzu edirəm.”

Slovakiya Prezidentinin Şuşa səfəri  iki ölkə arasındakı strateji müttəfiqliyin sarsılmaz olduğunu göstərdi. Eyni zamanda Slovakiya Azərbaycanı Avropanın və özünün enerji şaxələndirilməsində ən etibarlı tərəfdaş kimi qəbul edir.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycana və xüsusilə də Şuşaya bu səfəri, iki ölkə arasında mövcud olan münasibətləri sadəcə diplomatik müstəvidə saxlamır, həm də onu ortaq dəyərlərə malik səmimi dostluq hekayəsinə çevirir. Şuşadan dünyaya verilən bu birgə mesajlar, Azərbaycanın beynəlxalq arenadakı gücünü və dostlarının ölkəmizin suverenliyinə, quruculuq işlərinə verdiyi ali dəyəri bir daha təsdiqləmiş oldu.

Rəşad Babayev,
Nizami rayonu, Keşlə Bələdiyyəsinin sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button