
Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə Şuşada keçirdiyi görüş və mətbuata verdiyi bəyanatlar Azərbaycan-Slovakiya münasibətlərinin artıq ənənəvi diplomatik əlaqələr mərhələsini geridə qoyaraq strateji əməkdaşlıq mərhələsinə daxil olduğunu nümayiş etdirdi. Görüşün məhz Şuşada keçirilməsi isə xüsusi siyasi və simvolik məna daşıyır.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində beynəlxalq tərəfdaşların iştirakının artması ölkəmizin həyata keçirdiyi bərpa siyasətinə olan etimadın göstəricisidir. Slovakiyanın Ağdam rayonunda “Ağıllı kənd” layihəsinin icrasında iştirak etməsi təkcə iqtisadi əməkdaşlıq deyil, həm də Azərbaycanın postmünaqişə inkişaf modelinə verilən beynəlxalq dəstəyin ifadəsidir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, iki ölkə arasında siyasi dialoq müntəzəm xarakter alıb. 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin institusional əsaslarını formalaşdırıb və artıq bu sənəd real layihələrlə öz təsdiqini tapmaqdadır.
Enerji təhlükəsizliyi məsələləri də əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığı bir dövrdə Slovakiya ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin maraqlarına cavab verir.
Şuşada səsləndirilən fikirlər onu göstərdi ki, Azərbaycan və Slovakiya münasibətləri yalnız bugünkü əməkdaşlığa deyil, uzunmüddətli strateji tərəfdaşlığa hesablanıb. Qarşılıqlı etimad, siyasi iradə və konkret layihələr bu münasibətlərin gələcək inkişafını təmin edən əsas amillərdir.
Quliyev Vüqar,
Neft Kəmərləri İdarəsinin əməkdaşı



