Sülhün, dialoqun və beynəlxalq əməkdaşlığın mərkəzi

Azərbaycanın tarixi Qələbəsi nəticəsində formalaşan yeni geosiyasi mühitdə Şuşa şəhəri təkcə milli mədəniyyətimizin parlaq simvolu deyil, həm də türk və İslam dünyası üçün ortaq dəyərlərin yaşadığı məkana çevrilib. Bu gün Şuşa beynəlxalq ictimaiyyətin diqqətini cəlbedən, qlobal səviyyəli fikir mübadilələrinin, mədəniyyətlərarası dialoqların və media qurumları arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirildiyi vacib mərkəzlərdən biri kimi tanınır.Şuşa Qlobal Media Forumu artıq ənənəyə çevrilərək, dünya informasiya sahəsindəki dəyişiklikləri, müasir medianın çətinliklərini və beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə etmək üçün nüfuzlu platforma statusu qazanıb. İlk forum dördüncü sənaye inqilabı dövründə yeni medianın roluna, ikinci forum dezinformasiya ilə mübarizəyə, üçüncü forum isə rəqəmsal keçid dövründə süni intellekt şəraitində informasiya dayanıqlığının artırılmasına həsr edilmişdi. Bu ilki IV forum “Sülhün təşviqində medianın missiyası: həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilib və 30-dan çox beynəlxalq xəbər agentliyi, 60-a yaxın tanınmış media qurumu, həmçinin 10-a qədər beynəlxalq təşkilat təmsil olunub. Forum çərçivəsində panel müzakirələri, interaktiv sessiyalar və ikitərəfli görüşlər təşkil edilmiş, medianın sülh proseslərindəki yeri, ölkələrarası media dialoqu, ictimai etimadın bərpası mexanizmləri və dezinformasiyaya qarşı birgə fəaliyyət geniş müzakirə olunub. Azərbaycan Prezidenti İlham Əliyev forumun açılışında və jurnalistlərlə görüş zamanı ölkəmizin sülh quruculuğu sahəsindəki təcrübəsinə, həmçinin ABŞ-la münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığına xüsusi diqqət çəkib. Dövlət başçısı keçən il avqustda Vaşinqtonda əldə edilmiş razılaşmaları, Donald Trampla Davosda görüşü və vitse-prezident Vensin Bakıya səfəri zamanı strateji tərəfdaşlıq Bəyannaməsinin imzalanmasını mühüm nailiyyətlər kimi dəyərləndirib. Azərbaycanın Şərqlə Qərbin qovşağında yerləşən əlverişli coğrafi mövqeyi onu müxtəlif sivilizasiyalar, xalqlar və dinlər arasında körpü vəzifəsini yerinə yetirən ölkəyə çevirir, tolerantlıq və multikulturalizm sahəsindəki nüfuzu isə beynəlxalq miqyasda tanınıb. Prezident Əliyev forumda İslam ölkələri arasında həmrəyliyin zəifləməsindən narahatlığını ifadə edərək, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində birliyin pozulmasının sabitliyə mənfi təsir göstərəcəyini vurğulayıb. Enerji və nəqliyyat layihələri Azərbaycanı regionda əlaqələndirici mərkəzə çevirmişdir – hazırda ölkəmiz 16 dövlətə qaz ixrac edir və Avropa bazarı strateji əhəmiyyət daşımaqla yanaşı, yeni istiqamətlər, o cümlədən Suriya bazarı da perspektiv kimi dəyərləndirilir. Forum iştirakçılarına Qarabağ və Şərqi Zəngəzurun bərpası, bu ərazilərin müasir görkəm alması və orijinal sakinlərin öz yurdlarına qayıdışının təmin edilməsi istiqamətində görülən işlər ətraflı təqdim olunub.
Azərbaycanın təşəbbüslərinə göstərilən beynəlxalq dəstək ölkəmizin seçdiyi siyasi xəttin və inkişaf modelinin dünya tərəfindən qəbul edildiyini sübut edir, ölkəmiz isə müxtəlif sahələrdə topladığı təcrübəni bölüşməkdə maraqlı olduğunu nümayiş etdirir. Bu ilki forum “Regionun və dünyanın gələcəyini necə qurmaq istəyirik?” sualına birgə cavab axtarışı kimi dəyərləndirilə bilər və beynəlxalq ictimaiyyətin sülh quruculuğuna dəstəyinin regiondakı dinamikanı müsbət istiqamətdə dəyişəcəyi vurğulanır. Prezident İlham Əliyevin sözlərinə görə, bu birgə səylər Cənubi Qafqazı ərazi iddialarından və münaqişələrdən uzaq, qarşılıqlı etimad və əməkdaşlıq əsasında inkişaf edən bir məkana çevirəcəkdir.
Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi



