Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir

IV Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin görüş platforması deyil, həm də qlobal gündəmdə yer alan mühüm məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq tədbir kimi diqqət çəkdi. Forum çərçivəsində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın xarici siyasət kursunu, sülhə yanaşmasını və beynəlxalq münasibətlərə baxışını əks etdirən mühüm tezislərlə yadda qaldı.
Dövlət başçısı çıxışında bildirdi ki, müasir dövrdə sülhün və təhlükəsizliyin qorunması yalnız ayrı-ayrı dövlətlərin deyil, bütün beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir. Bu baxımdan ölkələr arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın genişləndirilməsi, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev medianın da bu prosesdə mühüm rol oynadığını vurğulayaraq, obyektiv və qərəzsiz informasiyanın qlobal sabitliyə töhfə verdiyini qeyd etdi.
Çıxış zamanı Azərbaycanın xarici siyasətində dəyişməz prinsiplərə sadiq qaldığı bir daha bəyan edildi. Prezident İlham Əliyev ölkəmizin bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını, beynəlxalq hüququn aliliyini dəstəklədiyini bildirdi. O, Ukraynanın ərazi bütövlüyünün tanındığını qeyd etməklə yanaşı, müxtəlif bölgələrdə azadlıq uğrunda mübarizə aparan xalqların hüquqlarının müdafiəsinin vacibliyini də diqqətə çatdırdı. Bu mövqe Azərbaycanın beynəlxalq münasibətlərdə ədalət, hüquq və bərabərlik prinsiplərinə əsaslanan siyasət yürütdüyünü göstərir.
Forumda Azərbaycanın artan beynəlxalq nüfuzu da geniş şəkildə ön plana çıxdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, beynəlxalq ekspert dairələri artıq Azərbaycanı “orta güc” statusuna malik dövlətlər sırasında qiymətləndirirlər. Son illərdə əldə olunan hərbi, siyasi və iqtisadi uğurlar bu qiymətləndirmənin əsasını təşkil edir. Xüsusilə Vətən müharibəsindən sonra ölkənin regional təhlükəsizliyin təmin olunmasında oynadığı rol, beynəlxalq humanitar təşəbbüslərə verdiyi dəstək və çoxtərəfli əməkdaşlıq formatlarında fəallığı Azərbaycanın qlobal mövqeyini daha da gücləndirib.
Şuşada keçirilən Forum Azərbaycanın beynəlxalq informasiya məkanındakı imkanlarını genişləndirən mühüm platforma kimi də əhəmiyyət daşıyır. Dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, ekspertlərin və media rəhbərlərinin iştirakı Azərbaycan həqiqətlərinin daha geniş auditoriyaya çatdırılmasına, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verir. Bu baxımdan IV Şuşa Qlobal Media Forumu Azərbaycanın qlobal dialoq və əməkdaşlığa verdiyi töhfənin növbəti uğurlu nümunəsi kimi dəyərləndirilə bilər.
Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi



