AnalitikaDünyaGündəmSiyasət

Şuşa Qlobal Media Forumu və Azərbaycanın “Orta Güc” Kimi Yüksəlişi

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu və ölkəmizin qlobal informasiya məkanındakı rolunu bir daha nümayiş etdirdi. Artıq ənənəvi hal alan və beynəlxalq xarakter daşıyan bu Forumun iştirakçılarının sayı ildən-ilə artmaqdadır. Tədbirdə 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin, 60-dan artıq media qurumunun nümayəndəsi və bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat iştirak etmişdir. Son dörd il ərzində isə Forum ümumilikdə 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirərək mühüm bir müzakirə platformasına çevrilmişdir. Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycanda, xüsusən də Qarabağda və Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək ölkəmiz üçün böyük şərəfdir. Qonaqlar bura gəldikdə Qarabağın real inkişafını, yenidənqurma işlərini, dağıntıların yerində inşa edilən yeni mənzilləri və evləri öz gözləri ilə görürlər.

Azərbaycanın beynəlxalq əhəmiyyəti təkcə media forumları ilə deyil, həm də həyata keçirdiyi qlobal miqyaslı infrastruktur layihələri ilə ölçülür. Ölkəmiz coğrafi mövqeyinin üstünlüklərindən istifadə edərək Şərq və Qərb, Şimal və Cənub istiqamətlərində geniş beynəlxalq əməkdaşlıq qurmuşdur. Prezidentin qeyd etdiyi kimi, qonşularla qarşılıqlı əlaqələr olmadan heç zaman tranzit ölkəyə çevrilmək mümkün deyil. Məhz buna görə də Azərbaycan 10 ildən artıqdır ki, çatışmayan fiziki infrastrukturu yaratmaqla və yaxın qonşuları ilə qarşılıqlı fəaliyyəti inkişaf etdirməklə bağlantılar üzərində işləyir. Hazırda Orta Şərqdəki vəziyyət də Azərbaycan ərazisindən keçən dəhlizi daha cəlbedici edir. Ölkəmiz Xəzərdəki ən iri dəniz ticarət limanının imkanlarını 15 milyon tondan 25 milyon tona qədər artırmağı planlaşdırır və Avropaya yükləri daşımaq üçün gəmiqayırma zavodunda 10 yeni gəmi tikilir.

Bütün bu iqtisadi, siyasi və hərbi nailiyyətlər Azərbaycanın artıq beynəlxalq ekspertlər tərəfindən “orta güc” (middle power) kimi qəbul edilməsinə səbəb olmuşdur. Prezident İlham Əliyevin də izah etdiyi kimi, bu termin ölkənin böyük güclərin necə düşündüyündən asılı olmayaraq, öz milli maraqlarını müdafiə etmək bacarığını nəzərdə tutur. Eyni zamanda, kiminsə ölkəyə zərər vurmaq istədiyi təqdirdə, bütün potensialı ilə müqavimət göstərmək qabiliyyətinin etiraf olunması bu meyarlara daxildir. Azərbaycan təkcə hərbi paradda deyil, döyüş meydanında nümayiş etdirdiyi qabiliyyətlə, eyni zamanda ölkə daxilində və regionda baş verənlərə görə daşıdığı məsuliyyətlə bu statusu tam doğruldur. Ölkəmizin hüdudlarından kənarda baş verən hadisələrə təsir göstərmək qabiliyyəti onun beynəlxalq arenada dayanıqlı mövqeyini sübut edir.

Arifə Əliyeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button