AnalitikaDünyaGündəmSiyasət

Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərində yeni mərhələdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi.

Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov arasında keçirilən görüşlər zamanı siyasi dialoqun daha da genişləndirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, investisiya, nəqliyyat, energetika, humanitar və mədəni əlaqələrin inkişafı ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlət başçısının mətbuata bəyanatında vurğuladığı kimi, iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi qarşılıqlı etimadın, dostluğun və ortaq maraqların bariz göstəricisidir. Prezident İlham Əliyev qeyd edib ki, müttəfiqlik münasibətləri böyük məsuliyyət tələb edir və Azərbaycan bu məsuliyyətə tam hazırdır. Bu yanaşma gələcəkdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin, eləcə də iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişlənəcəyinə inam yaradır.

Səfərin iqtisadi nəticələri xüsusi diqqətə layiqdir. Tərəflər Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması barədə razılığa gəliblər. Bu qərar iki ölkə arasında investisiya əməkdaşlığının genişlənməsinə, istehsal sahələrinin yaradılmasına, məşğulluğun artırılmasına və qarşılıqlı iqtisadi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcək. Fond çərçivəsində həyata keçirilən layihələr artıq nəticələr verməyə başlayıb və gələcəkdə daha geniş miqyaslı təşəbbüslərin reallaşdırılması üçün əlverişli zəmin formalaşdırır.

Dövlət səfərinin diqqət çəkən hadisələrindən biri də İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilən “Bakı” hotelinin açılışı olub. Müasir standartlara cavab verən bu beşulduzlu kompleks yalnız turizm layihəsi deyil, həm də Azərbaycan ilə Qırğızıstan arasında dostluğun və qarşılıqlı etimadın rəmzi kimi qiymətləndirilir. Layihə iki ölkənin iqtisadi əməkdaşlığının real nəticələrini əks etdirməklə yanaşı, turizm və xidmət sektorunda yeni imkanlar yaradır.

Səfər zamanı humanitar əməkdaşlığın inkişafı da xüsusi vurğulanıb. Prezident İlham Əliyev Qarabağın bərpasına göstərdiyi dəstəyə görə Qırğızıstana minnətdarlığını ifadə edib və Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin istifadəyə verilməsini qardaşlığın daha bir rəmzi kimi qiymətləndirib. Eyni zamanda, Bakıda Çingiz Aytmatovun abidəsinin və adını daşıyan parkın yaradılması, Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkının açılması, hər iki ölkədə keçirilən mədəniyyət günləri xalqlar arasında mənəvi bağların daha da möhkəmləndiyini göstərir. Ortaq tarix, dil, mədəni irs və türk dünyasına məxsus ortaq dəyərlər Azərbaycan ilə Qırğızıstan münasibətlərinin möhkəm təməlini təşkil edir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsinə görə Qırğızıstan rəhbərliyinə və digər Mərkəzi Asiya dövlətlərinin prezidentlərinə təşəkkürünü də bildirib. Bu addım Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının yeni mərhələyə yüksəldiyini və regional inteqrasiyanın gücləndiyini göstərir.

Dövlət səfərinin yekununda iki ölkə rəhbərlərinin qarşılıqlı şəkildə ali dövlət təltifləri ilə mükafatlandırılması münasibətlərin yüksək səviyyəsinin və qarşılıqlı hörmətin göstəricisi oldu. Prezident İlham Əliyevin Qırğızıstanın birinci dərəcəli “Manas” ordeni ilə, Prezident Sadır Japarovun isə Azərbaycanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi Azərbaycan-Qırğızıstan dostluğunun və strateji tərəfdaşlığının möhkəm əsaslar üzərində qurulduğunu bir daha təsdiqlədi.

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri göstərdi ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlər təkcə siyasi dialoqla məhdudlaşmır. İqtisadi layihələr, humanitar əməkdaşlıq, ortaq mədəni dəyərlər və qarşılıqlı etimad bu əlaqələri daha da gücləndirir. Səfər zamanı əldə olunan razılaşmalar iki qardaş ölkə arasında əməkdaşlığın gələcək inkişafı üçün möhkəm zəmin yaradaraq türk dünyasında birlik və həmrəyliyin daha da güclənməsinə mühüm töhfə verir.

Azər Məhərrəmov,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin əməkdaşı,YAP Nərimanov rayon Təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button