AnalitikaDünyaGündəmSiyasət

Bakıda keçirilən TDT-nın Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı İslam həmrəyliyinin möhkəmlənməsi istiqamətində atılan strateji addımdır

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və dahi mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunan beynəlxalq konfrans Türk dünyasının mənəvi-intelektual birliyi baxımından müstəsna əhəmiyyət daşıyır.

Bu eyni zamanda Türk dövlətləri arasında siyasi və iqtisadi inteqrasiya ilə yanaşı, dini-mənəvi bağların gücləndirilməsi ortaq dəyərlərin qorunmasına xidmət edir, dini qurumlar arasında təcrübə mübadiləsi aparılması, gənc nəslin yad təsirlərdən və radikal ideologiyalardan qorunmasında dini rəhbərlərin koordinasiyalı fəaliyyətini artırır,Seyid Yəhya Bakuvi kimi görkəmli elm və irfan xadiminin zəngin irsinin beynəlxalq müstəvidə öyrənilməsi İslam elminin və sufi fəlsəfəsinin humanist ideyalarının təbliğinə mühüm töhfə verir, Bakı toplantısı İslam dininin sülh, mərhəmət və qardaşlıq mesajlarının bütün dünyaya çatdırılması, eləcə də multikulturalizm dəyərlərinin təbliği üçün əlverişli platforma yaradır.

Bu cür tədbirlər türk xalqlarının ortaq tarixi köklərinə sahib çıxması, gələcək nəsillərə milli-mənəvi dəyərlərin ötürülməsi və İslam həmrəyliyinin möhkəmlənməsi istiqamətində atılan strateji addımlardır.

Azərbaycan Prezidentinin dini liderlərlə görüşdə səsləndirdiyi sülh mesajları və əsas məqamlar regional sabitlik, həmrəylik və beynəlxalq əməkdaşlıq kontekstində mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı müsəlman dini liderlərinin sözlərinin və çağırışlarının bütün müsəlman icmaları üçün çox qiymətli və dəyərli olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, əgər dini liderlərin mövqeləri və mesajları sülhə, əməkdaşlığa, əmin-amanlığa və barışığa istiqamətlənərsə, bu, bütün bölgələrdə sabitliyin bərqərar olmasına güclü təsir göstərəcək. Prezident dini liderləri icmalar daxilində sülhə və qarşılıqlı dəstəyə çağırıb.

Görüş zamanı gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə görüşünün keçiriləcəyi diqqətə çatdırılmış, bunun da islam dünyasında həmrəyliyin gücləndirilməsinə töhfə verəcəyi vurğulanmış, Azərbaycanın milli-mənəvi dəyərlərə sadiqliyi, həmçinin beynəlxalq müstəvidə ikili standartlara və ədalətsizliklərə qarşı prinsipial mövqeyi bir daha diqqətə çatdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsəlman dini liderləri ilə keçirdiyi görüş və səsləndirdiyi sülh mesajları bir sıra mühüm geosiyasi, mənəvi və tarixi amillərlə yadda qalır. Prezidentin Qarabağda əldə olunan tarixi Qələbədən və suverenliyin bərpasından sonra bölgədə “sülhün var və müharibənin dayanıb” olduğunu vurğulaması, eyni zamanda beynəlxalq dini liderləri bu sülh prosesinə dəstək verməyə çağırması regional barışığın legitimliyini gücləndirir.

Müsəlman dünyasına qarşı yönələn islamofobiya tendensiyaları, dini dəyərlərə (o cümlədən müqəddəs “Qurani-Kərim”ə) qarşı hörmətsizliklər fonunda bu görüş islam ölkələrinin birliyinin və həmrəyliyinin vacibliyini nümayiş etdirən mühüm platformaya çevrildi. Görüş çərçivəsində qəbul edilən sənədlər və qlobal miqyasda dini dözümlülük nümunəsi kimi çıxış edən Azərbaycanın bu mövqeyi mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm tarixi addımdır.

Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə görüşünün keçiriləcəyinin elan olunması Azərbaycanın islam dünyasındakı fəal və inteqrasionist rolunun daha da güclənəcəyini göstərir.

Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini

Oxşar Xəbərlər

Back to top button