AnalitikaDünyaGündəmSiyasət

Türk dünyasının mənəvi həmrəyliyi və tarixi yaddaş

Bakıdakı mötəbər tədbirlərin strateji əhəmiyyəti Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları, eləcə də Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.

Bakı şəhərində baş tutan Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və görkəmli azərbaycanlı şair-mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans Türk dünyasının intellektual, mədəni və mənəvi inteqrasiyasında mühüm mərhələdir.

TDT çərçivəsində siyasi və iqtisadi əlaqələrlə yanaşı, dini idarə rəhbərləri səviyyəsində əməkdaşlığın gücləndirilməsi, Seyid Yəhya Bakuvi kimi dahi mütəfəkkirlərin irsinin öyrənilməsi və islam elminə verdiyi töhfələrin beynəlxalq müstəvidə təbliği, işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin və mədəni irsin bərpası məsələlərinin diqqətdə saxlanılması görüşün əsasını təşkil etmişdir.

Dövlət başçısı nümayəndə heyəti ilə görüşü zamanı Azərbaycanın keçdiyi çətin tarixi yollardan, xalqımızın işğal dövründə məruz qaldığı məhrumiyyətlərdən və dini abidələrin dağıdılmasından bəhs etmişdir. Prezident İlham Əliyev xüsusilə erməni işğalçılarının torpaqlarımızda törətdiyi vandalizm aktlarına toxunaraq qeyd etmişdir: “Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladığı 30 il müddətində 65 məscidi dağıdıb, yerlə yeksan edib. Təkcə məscidləri deyil, şəhərləri, qəsəbələri, kəndləri dağıdıb. Dini məbəd – istər məscid olsun, istər sineqoq, istər kilsə və sair – İlahi qüdrətin inikasıdır. Bu, sadəcə, dam, daş-divar deyil ki. O damın altında, o divarların arasında İlahi enerjini yaşadır ruhanı məkanlar. Bu İlahi enerji qaynaqlarını qapamaq istəyənlər gec-tez bunun cəzasını alır.”

Prezident öz çıxışında erməni vandalizminin mənəvi və dini dəyərlərə qarşı yönəldiyini üzə çıxarır, digər tərəfdən isə tarixi ədalətin bərpa olunduğunu və ilahi qanunauyğunluğun təzahürünü vurğulayır.

Bakıda keçirilən tədbirlər çərçivəsində müzakirə olunan mövzular Türk dünyasının ortaq dəyərlər üzərində birləşməsinə xidmət edir. Sufizm fəlsəfəsinin görkəmli nümayəndəsi Seyid Yəhya Bakuvi kimi şəxsiyyətlərin irsi islam dünyasında dözümlülük, mənəvi saflıq və həmrəylik ideyalarının təşviqində mühüm rol oynayır. TDT Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı isə qardaş xalqlar arasında dini sahədə ortaq mövqelərin formalaşdırılması, radikal meyillərə qarşı mübarizə və həmrəyliyin möhkəmləndirilməsi baxımından strateji platformadır.

Elnurə Paşayeva,
Nizami rayonu 10 saylı məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button