
Prezident İlham Əliyev üçün suverenliyin bərpası yalnız hərbi əməliyyatların uğurla başa çatması deyil, eyni zamanda işğaldan azad edilmiş ərazilərə həyatın, sülhün və firavanlığın yenidən qayıtmasıdır. 20 sentyabr antiterror tədbirləri həmin ərazilərdə terror təhlükəsini sıfıra endirməklə, Böyük Qayıdış proqramının tam təhlükəsiz şəraitdə və daha geniş miqyasda həyata keçirilməsinə mühüm zəmin yaratdı. Məhz bu səbəbdən İlham Əliyev həm qələbənin, həm də dirçəlişin baş memarıdır.
Dövlət başçısının şəxsi nəzarəti altında bu gün Qarabağ və Şərqi Zəngəzurda analoqu olmayan bərpa-quruculuq işləri aparılır. Yeni şəhərlərin salınması, ən müasir texnologiyalara əsaslanan infrastrukturların qurulması İlham Əliyevin gələcəyə baxışının göstəricisidir. Suverenliyimizin təmin edildiyi hər qarış torpaqda sürətlə aparılan tikinti işləri sübut edir ki, Azərbaycan dövləti həm savaş meydanında, həm də quruculuq cəbhəsində eyni dərəcədə qüdrətlidir.
Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, bizim əsas məqsədimiz keçmiş məcburi köçkünləri öz doğma yurdlarına ən qısa zamanda və ən yaxşı şəraitlə qaytarmaqdır. 20 sentyabrda əldə olunan tam təhlükəsizlik mühiti vətəndaşlarımızın rahat və arxayın şəkildə yurdlarına dönməsinə tam zəmanət verdi. İndi Suqovuşanda, Laçında, Füzulidə və digər bölgələrdə yanan işıqlar bilavasitə Liderin qətiyyətinin bəhrəsidir.
Beləliklə, İlham Əliyevin suverenlik fəlsəfəsi yalnız sərhədlərin qorunmasını deyil, həm də vətəndaşın rifahını, ərazi bütövlüyünün iqtisadi və sosial inteqrasiyasını özündə cəmləşdirir. 20 Sentyabr Dövlət Suverenliyi Günü, darmadağın edilmiş bir bölgəni dünyanın ən gözəl məkanlarından birinə çevirən müdrik rəhbərliyin bayramıdır.
Sülhanə Nəsibova,
YAP Nizami rayon təşkilatının “Bəkir Çobanzadə küçəsi, 345” ərazi partiya təşkilatının sədr müavini



