
Azərbaycanın bütün ərazisində suverenliyini tam bərpa etməsi xarici siyasət və beynəlxalq münasibətlər sistemində dərin analitik düşüncə və kəskin manevr qabiliyyəti tələb edən mürəkkəb bir proses idi. Cənubi Qafqaz kimi böyük güclərin maraqlarının toqquşduğu bir regionda bu tarixi missiyanı uğurla başa çatdırmaq, yalnız Prezident İlham Əliyev tərəfindən uzun illər ərzində formalaşdırılmış balanslaşdırılmış və praqmatik xarici siyasət sayəsində mümkün oldu. Suverenlik zəfəri bu diplomatik uzaqgörənliyin ən böyük bəhrəsidir.
Dünyanın güc mərkəzləri ilə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər quran Prezident İlham Əliyev, Azərbaycanı beynəlxalq arenada etibarlı tərəfdaş kimi təsdiqləmişdir. 20 sentyabr əməliyyatının beynəlxalq müstəvidə hər hansı bir böhran yaratmadan, yalnız daxili yurisdiksiya çərçivəsində həll edilməsi məhz bu etimadın nəticəsidir. Dövlət başçısı sübut etdi ki, heç bir xarici təzyiq və ya hədə-qorxu Azərbaycanı öz haqq yolundan döndərə bilməz.
Bundan əlavə, Prezident İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatı kimi nəhəng beynəlxalq təşkilatlara uğurla sədrlik edilməsi və qlobal təşəbbüslərin irəli sürülməsi Azərbaycanın beynəlxalq dəstəyini həlledici dərəcədə artırdı. BMT Təhlükəsizlik Şurasında ölkəmizə qarşı yönəlmiş ədalətsiz qətnamə layihələrinin məhz Qoşulmama Hərəkatına üzv ölkələrin dəstəyi ilə bloklanması, Prezident İlham Əliyev diplomatiyasının, onun beynəlxalq nüfuzunun birbaşa təntənəsi idi.
Bu gün Dövlət Suverenliyi Günü ölkəmizin həm də diplomatik qüdrətinin rəmzi kimi qeyd olunur. Müstəqil Azərbaycanın heç bir hərbi-siyasi bloka qoşulmadan, sırf öz milli maraqları çərçivəsində yaratdığı bu reallıq Prezident İlham Əliyev xarici siyasət məktəbinin unikal və öyrənilməsi vacib olan qızıl səhifəsidir.
Gülsüm Hacıyeva,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 159” ərazi partiya təşkilatının sədri


