AnalitikaGündəmSiyasət

20 sentyabr – Suverenlik günü,dövlətçilik tariximizin qürur səhifəsi

20 sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və qürurverici səhifələrindən birini təcəssüm etdirir.

Bu əlamətdar gün 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması ilə bağlıdır. 2024-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə 20 sentyabrın hər il Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi bu tarixi hadisənin milli yaddaşımızdakı əhəmiyyətini daha da möhkəmləndirmişdir.

Azərbaycan xalqının müstəqil dövlətçilik arzusu tariximizin bütün mərhələlərində özünü göstərib. Uzun illər ərzində ölkəmizin ərazi bütövlüyünün pozulması və torpaqlarımızın işğal altında qalması dövlətimizin suveren hüquqlarının həmin ərazilərdə tam həyata keçirilməsinə imkan vermirdi. 2020-ci il Vətən müharibəsində qazanılan Zəfər bu istiqamətdə dönüş yaratdı, 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər isə Azərbaycanın suverenliyinin bütün ərazisində bərpa olunması ilə nəticələndi.Bu tarix yalnız hərbi-siyasi nailiyyətin ildönümü deyil. Dövlət Suverenliyi Günü xalqın öz taleyini müstəqil müəyyən etmək hüququnu, dövlətimizin ərazi bütövlüyünü, Konstitusiyanın aliliyini və milli iradənin gücünü ifadə edən mühüm milli gündür. Azərbaycan Respublikasının Konstitusiyasında da xalqın suverenliyinin dövlətin əsas prinsiplərindən biri olduğu təsbit edilir.

Bu gün ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağının dalğalanması, dövlət qanunlarının və konstitusiya quruluşunun təmin olunması xalqımızın uzun illər arzusunda olduğu tarixi reallığın göstəricisidir. Bu reallığın əldə olunmasında Vətən uğrunda canından keçən şəhidlərimizin və sağlamlığını itirən qazilərimizin fədakarlığı xüsusi ehtiramla yad olunur.

Dövlət Suverenliyi Günü həm də gələcək nəsillərə mühüm bir mesajdır: müstəqillik və suverenlik yalnız əldə edilməli deyil, daim qorunmalı və möhkəmləndirilməlidir. Milli birlik, dövlətçilik düşüncəsi, qanunun aliliyinə hörmət və Vətənə bağlılıq bu dəyərlərin davamlılığının əsas şərtlərindəndir.

Bu əlamətdar gün münasibətilə Azərbaycan xalqını təbrik edir, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edirik.

Suverenliyimiz əbədi, dövlətçiliyimiz möhkəm, Azərbaycanımız daim ucalarda olsun!

Yeganə Abbasova,
YAP Nizami rayon təşkilatı “Bəhruz Buriyev küçəsi, 10a” ərazi partiya təşkilatının sədr müavini, Nizami Bələdiyyəsinin sədr müavini

Oxşar Xəbərlər

Back to top button