AnalitikaGündəmSiyasət

Ağdərə – Zəfərin yeni inkişaf ünvanı

Ağdərə Qarabağın coğrafi və strateji baxımdan mühüm ərazilərindən biridir. Bu torpağın Azərbaycan tarixində və Qarabağın ümumi həyatında özünəməxsus yeri var. 2023-cü ilin sentyabrında Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunması Ağdərə üçün də yeni mərhələnin başlanğıcını qoydu. 20 Sentyabrın Ağdərə şəhəri günü kimi müəyyən edilməsi bu tarixi hadisənin dövlətçilik yaddaşında xüsusi yer tutmasını təmin edir.

Ağdərənin gələcəyi bu gün geniş quruculuq və inkişaf planlarının tərkibində nəzərdən keçirilir. Azad edilmiş ərazilərdə dövlət idarəçiliyinin və sosial infrastrukturun bərpası üçün institusional mexanizmlərin yaradılması bu istiqamətdə mühüm addımlardandır. 2024-cü ildə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin yaradılması da məhz əhalinin qayıdışı, yaşayış fondunun bərpası, yeni evlərin tikintisi və ərazilərin abadlaşdırılması kimi vəzifələri əhatə edir.

Quruculuğun əsas məqsədi Ağdərəni yalnız yenidən tikmək deyil, burada dayanıqlı həyat üçün zəruri mühiti formalaşdırmaqdır. Bunun üçün yol və nəqliyyat infrastrukturu, enerji və kommunal sistemlər, yaşayış məhəllələri, məktəblər və digər sosial obyektlər mühüm rol oynayır. Qarabağın müxtəlif yaşayış məntəqələrində tətbiq olunan yeni şəhərsalma yanaşmaları Ağdərənin gələcək inkişafında da mühüm əhəmiyyət daşıya bilər. Burada yaradılan hər bir infrastruktur obyekti insanların qayıdışını sürətləndirən və sosial həyatın bərpasına imkan verən amilə çevrilir.

Ağdərənin gələcəyinə baxarkən əsas diqqət bir məqam üzərində cəmlənir: bu torpaqlar artıq yalnız keçmişin xatirəsi kimi deyil, Azərbaycanın gələcək inkişaf məkanlarından biri kimi nəzərdən keçirilir. Burada yeni həyat qurulacaq, yeni nəsillər yetişəcək, sosial və iqtisadi imkanlar genişlənəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasətinin əsas məqsədlərindən biri də məhz bu torpaqlarda təhlükəsiz və firavan həyatın təmin edilməsidir. Ağdərə Zəfərin nəticəsini qoruyan deyil, Zəfərdən doğan yeni inkişafın ünvanlarından biri olacaq.

Tofiqə Qurbanova,

YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 24/12” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button