AnalitikaDünyaGündəmSiyasət

Türk-İslam Birliyinin Bakı Platforması

Bakı şəhəri növbəti dəfə Türk və İslam coğrafiyasının taleyüklü məsələlərinin müzakirə olunduğu əsas qlobal platforma rolunu oynadı. Sentyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və Yəhya Bakuvi Beynəlxalq Konfransı iştirakçılarını qəbul etməsi, ölkəmizin beynəlxalq nüfuzunu bir daha təsdiqlədi. Görüşdə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev və onlarla müxtəlif dövlətin dini rəhbərləri, o cümlədən Qafqazın müsəlman rəhbərləri iştirak edirdilər. Prezident İlham Əliyev görüş zamanı vurğuladı ki, müsəlman dini liderlərinin həmrəylik nümayiş etdirərək Azərbaycanda bir araya gəlməsi həm region, həm də dünya üçün sülh, barışıq və qardaşlıq ideyalarını təşviq edən həlledici bir amildir.

Dövlətimizin başçısı görüşdə Azərbaycanın bəşər mədəniyyətinə verdiyi töhfələrdən geniş bəhs edərək, XV əsrin böyük mütəfəkkiri Seyid Yəhya Bakuvinin irsini xüsusi qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, xalqımızın zəngin potensialı özünü təkcə tarixi şəxsiyyətlərində deyil, həm də coğrafi mövqeyində göstərir. Azərbaycanın həm Qafqaz, həm də Türk coğrafiyasını özündə birləşdirən mənəvi körpü rolunu oynadığını xatırladan dövlət başçısı, qədim Qəbələ və Naxçıvan şəhərlərinin tarixi əhəmiyyətindən danışaraq, təmsil etdiyimiz dəyərlərin bugünkü birliyimizin təməl daşlarından olduğunu qonaqların diqqətinə çatdırdı.

Öz çıxışında dünyada gedən mürəkkəb siyasi proseslərə diqqət çəkən Prezident İlham Əliyev, İslam dünyasında birliyin təmin edilməsinin vacibliyini bildirdi. O vurğuladı ki, dini liderlərin hər bir sözü əmin-amanlığa və barışığa xidmət etməlidir. Azərbaycanın təmsil olunduğu bütün təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında hər zaman birləşdirici mövqedən çıxış etdiyini söyləyən Prezident İlham Əliyev gələn il Bakıda keçiriləcək İƏT Zirvə Görüşünün bu istiqamətdə yeni mərhələ açacağına və müsəlman aləmini süni toqquşmalardan xilas edib vahid ailə kimi birləşdirəcəyinə inamını ifadə etdi.

Tədbir çərçivəsində nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə planlaşdırılan səfəri, dövlət başçısının qonaqlara çatdırdığı əsas həqiqətlərin bariz nümayişi olacaqdır. Prezident İlham Əliyev Ermənistanın 30 illik işğalı dövründə 65 məscidin və tarixi abidələrin yerlə-yeksan edildiyini, bunun bütün İslam aləminə qarşı həqarət olduğunu xatırlatdı. Buna baxmayaraq, xalqımızın öz əzmi və hərbi qüdrəti ilə ərazi bütövlüyünü təmin etdiyini, işğalçıları cəzalandırdığını vurğulayan dövlət başçısı, Qarabağda 90 mindən çox sakinin iştirakı ilə həyata keçirilən “Böyük Qayıdış”ın Azərbaycan dövlətinin qurucu gücünü sübut etdiyini qürurla qeyd etdi.

İradə İsmayılova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 33” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button