
Azərbaycan Respublikası özünün çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələrinə sadiq qalaraq qlobal miqyasda sülh və həmrəylik mərkəzi kimi çıxış etməkdədir. Sentyabrın 15-də Prezident İlham Əliyevin rəhbərliyi altında Bakıda baş tutan tarixi görüş bu siyasətin ən bariz göstəricilərindən biri oldu. Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarının və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrinin daxil olduğu böyük bir heyəti qəbul etdi. Özbəkistan, Qazaxıstan, Türkiyə və Şimali Qafqaz da daxil olmaqla geniş bir coğrafiyanın ali dini rəhbərlərinin iştirak etdiyi bu görüşdə Prezident İlham Əliyev belə mötəbər tədbirlərin eyni vaxtda Bakıda keçirilməsinin sadəcə təsadüf olmadığını, Azərbaycanın Türk və İslam dünyasının mənəvi birliyi istiqamətində məqsədyönlü strategiya həyata keçirdiyini xüsusi olaraq vurğuladı.
Görüşdə Azərbaycanın dünya mədəniyyəti xəzinəsinə verdiyi töhfələrdən geniş bəhs edən Prezident İlham Əliyev, bəşəriyyətə işıq saçan mütəfəkkirlərimizin irsini qonaqların diqqətinə çatdırdı. Dövlət başçısı xüsusilə XV əsrin görkəmli alimi Seyid Yəhya Bakuvinin, həmçinin Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi dahilərin yaratdığı mənəvi sərvətlərin bütün İslam aləmi üçün əvəzsiz olduğunu bildirdi. Tarixi ekskurs edən Prezident İlham Əliyev, Qafqaz Albaniyasının qədim paytaxtı Qəbələni və Atabəylər dövlətinin paytaxtı Naxçıvanı xatırladaraq, TDT-yə üzv yeganə Qafqaz ölkəsi olan Azərbaycanın tarixən və bu gün Türk dünyası ilə Qafqaz regionu arasında qırılmaz bir körpü, vəhdət rəmzi olduğunu bəyan etdi.
Prezident İlham Əliyevin çıxışının ən mühüm istiqamətlərindən biri müasir dünyada İslam həmrəyliyinin vacibliyi və Azərbaycanın bu yolda atdığı əməli addımlar oldu. Dövlət başçısı dini rəhbərlərin hər bir sözünün ictimaiyyət üçün böyük dəyər daşıdığını və bu sözlərin mütləq sülhə, barışığa xidmət etməli olduğunu vurğuladı. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində daim birləşdirici mövqedən çıxış etdiyini xatırladan Prezident, 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarının bir idman yarışı deyil, böyük birlik bayramı olduğunu qeyd etdi. O, gələn il ölkəmizdə keçiriləcək İƏT Zirvə Görüşünün İslam dünyasındakı münaqişələrə son qoyacağına və müsəlman aləmini vahid ailə kimi birləşdirəcəyinə dair böyük ümidlərini ifadə etdi.
Dini liderlərin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura planlaşdırılan səfəri ərəfəsində çıxış edən Prezident İlham Əliyev, qonaqlara erməni vəhşiliyinin gerçək simasını çatdırdı. O, 30 illik işğal ərzində 65 məscidin dağıdıldığını, İslam müqəddəsliklərinin təhqir edildiyini bildirdi. Lakin dövlət başçısı qürurla bəyan etdi ki, güc amilinin həlledici olduğu müasir dünyada Azərbaycan xalqı rəşadətli Ordusu ilə tarixi ədaləti bərpa etdi və bütün təqsirkarlar layiqli cəzalarını aldılar. Prezident İlham Əliyev bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində 90 mindən çox sakinin öz doğma yurdlarına döndüyünü qeyd edərək, Müzəffər Azərbaycanın sürətli dirçəliş və quruculuq dövrünü yaşadığını, bunun bütün İslam aləmi üçün bir qürur mənbəyi olduğunu vurğuladı.
Günay Quluzadə,
YAP Nizami rayon təşkilatının “Əlif Hacıyev küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini



