AnalitikaGündəmSiyasət

Azərbaycanda dağ- mədən və metallurgiya sənayesinin inkişafı

Azərbaycanda dağ-mədən metallurgiyasənayesinin qədim zəngin bir tarixi var. Hələ orta əsrlərdə səyyah Adam Oleari Gədəbəy və Daşkəsən yataqlarından mis və dəmir filizinin çıxarılması, yerli üsullarla emal edilməsi barədə ətraflı məlumat vermişdir. Azərbaycanda müasir metallurgiyanın əsası XIX əsrin ikinci yarısında qoyuldu. Almaniyanın məşhur Siemens şirkəti Gədəbəydə iri mis əritmə zavodu qurdu və “Bittibulaq” yatağından intensiv mis, qızıl və gümüş çıxarmağa başlamış, Daşkəsəndə isə yüksək keyfiyyətli kobalt taparaq o dövrdə Rusiya imperiyasında yeganə olan kobalt zavodunu işə salmışlar. Sovet dövründə Azərbaycanda dağ-mədən sahəsi tamamilə dövlətin mülkiyyətinə keçdi və sənaye nəhəngləri yaradıldı. Bu dövrdə Cənubi Qafqazın ən böyük dəmir filizi kompleksi olan Daşkəsən Filiz Saflaşdırma Kombinatı yaradılmış, lakin Azərbaycanda tam istehsal zənciri qurulmamışdı.

Müstəqilliyimizin ilk illərində və torpaqların işğalı dövründə bir çox yataqların istismarı dayansa və ya talansa da, hazırda yeni Dövlət Proqramı ilə bu zəngin tarixi ənənə tam qapalı və müasir bir istehsal zənciri formalaşdırmaqla bərpa olunur.

Dövrümüzdə Azərbaycanın dağ-mədən və metallurgiya sənayesi köhnə sovet infrastrukturundan xilas olaraq tamamilə müasir, rəqəmsal və qlobal bazarlara inteqrasiya olunmuş bir sahəyə çevrilmişdir. Bu dövr ölkədə qızıl hasilatının başlanması, qara metallurgiyanın modernləşdirilməsi və işğaldan azad edilmiş torpaqların zəngin resurslarının iqtisadiyyata cəlb edilməsi ilə xarakterizə olunur. Bu müəssisələrə misal olaraq, Baku Steel Company, Sumqayıt Texnologiyalar Parkı, Gəncə Alüminium Zavodu metallurgiya imkanları ölkəni yarımfabrikat ixracatçısından hazır sənaye məhsulları istehsalçısına çevirdi. İkinci Qarabağ müharibəsində qazanılan qələbə dağ-mədən sənayesində yeni bir dövr açdı. Ermənistan tərəfindən uzun illər talan edilən Kəlbəcərin “Söyüdlü” qızıl, Ağdərənin “Dəmirli” mis-molibden və Zəngilanın “Vejnəli” yataqları yenidən Azərbaycanın nəzarətinə keçdi.

Ötən günlərdə keçirilən “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə Azərbaycan iqtisadiyyatını neftdən asılılıqdan qurtarmaq və ölkədə tam qapalı sənaye zənciri yaratmaq qərara alınmışdır. Bu sahədə ağır sənaye məhsullarının daşınmasını ucuzlaşdırmaq üçün dəmir yolu xidmətlərində xüsusi güzəştlər ediləcək. Həmçinin, idxaldan asılılığı azaltmaq üçün ölkədə yeni zavodlar qurulacaq.

Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafı və iqtisadi deyil, həm də strateji, sosial və təhlükəsizlik baxımından həyatı əhəmiyyət daşıyır. Belə ki, yeni qurulacaq zavodların birbaşa səmərəsi burada yaşayan əhali üçün olacaq, minlərlə yerli sakin üçün yüksək maaşlı və daimi iş yeri deməkdir.

Hazırda Azərbaycan dağ-mədən və metallurgiya sənayesində özünün ən böyük tarixi inkişaf dövrünü yaşayır və yaxın illərdə bölgənin əsas metallurgiya mərkəzlərindən birinə çevrilməyi hədəfləyir. Dağ- mədən və metallurgiya sənayesinin inkişafı yüksək iqtisadi inkişafı təmin etməklə, Azərbaycanın siyasi və hərbi mövqeyini sarsılmaz edir.


Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

 

Oxşar Xəbərlər

Back to top button