AnalitikaGündəmSiyasət

Cəbrayılın strateji mövqeyi əldə edilən Qələbənin əhəmiyyətini daha da artırırdı

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində xalqımız Vətən müharibəsində tarixi Zəfər qazandı. Bu Qələbə yalnız torpaqlarımızın işğaldan azad edilməsi ilə məhdudlaşmadı, eyni zamanda xalqımızın yaddaşına qürur və iftixar hissi ilə həkk olunan yeni şanlı tarix səhifələri yazdı. Əgər vaxtilə xalqımız doğma torpaqlarımızın işğal günlərini kədər və hüznlə yad edirdisə, bu gün həmin ərazilərin azad olunduğu tarixlər böyük sevinc və fəxarət hissi ilə qeyd edilir. Bu əlamətdar günlər təhsil müəssisələrində gələcək nəsillərə çatdırılır, məktəblilərin yaddaşında xalqımızın qəhrəmanlıq salnaməsinin mühüm səhifələri kimi yaşadılır.

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində elə şəhər və rayonlar vardır ki, onların adı yalnız coğrafi məkan kimi deyil, milli yaddaşın, tarixi irsin və Vətən sevgisinin rəmzi kimi yaşayır. Cəbrayıl da belə məkanlardan biridir. Zəngin tarixi və mədəni irsi, strateji coğrafi mövqeyi ilə seçilən rayon uzun illər işğalın ağır nəticələrini yaşasa da, bu torpağa bağlılıq və doğma yurda qayıdış arzusu heç zaman sönməyib. Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşən Cəbrayıl rayonunun ərazisi 1050 kvadrat kilometrdir. Rayon inzibati baxımdan 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarətdir. 2020-ci ildə başlayan Vətən müharibəsi Cəbrayıl rayonunun tam azadlığı ilə nəticələndi. Cəbrayıl istiqamətində aparılan döyüşlər Vətən müharibəsinin ən mürəkkəb və ağır mərhələlərindən biri idi. Düşmən burada çoxsaylı müdafiə istehkamları yaratmış və mövqelərini ciddi şəkildə möhkəmləndirmişdi. Buna baxmayaraq, Azərbaycan Ordusunun hərbi qulluqçuları böyük şücaət və fədakarlıq nümayiş etdirərək qarşıya qoyulan məqsədlərə nail oldular. Cəbrayılın strateji mövqeyi əldə edilən Qələbənin əhəmiyyətini daha da artırırdı.

Bu gün Cəbrayıl işğalın və dağıntıların deyil, azadlığın, quruculuğun və qayıdışın ünvanıdır. Burada yaradılan müasir infrastruktur, yeni yaşayış məntəqələri və iqtisadi layihələr rayonun gələcək inkişaf perspektivlərini müəyyənləşdirir. 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü bu baxımdan yalnız tarixi Zəfərin xatırlanması deyil, həm də Böyük Qayıdışın, yenidən qurulan həyatın və Cəbrayılın gələcəyə inamla addımlamasının rəmzidir. Cəbrayılın timsalında Azərbaycan xalqının tarixi yaddaşı, milli iradəsi və doğma torpaqlara bağlılığı bir daha öz parlaq ifadəsini tapır. Cəbrayılın dirçəlişi bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun gələcəyi baxımından da mühüm əhəmiyyət daşıyır. Burada yaradılan yeni infrastruktur, həyata keçirilən sosial layihələr və qayıdış prosesi işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi inkişaf məkanına inteqrasiyasına xidmət edir. Cəbrayılın timsalında Azərbaycan xalqının uzun illər boyu qoruduğu qayıdış arzusu reallığa çevrilir. Şəhərin yeni siması isə gələcək nəsillərə həm tarixi yaddaşı, həm də quruculuq və inkişaf iradəsini çatdıracaq. Cəbrayılın işğaldan azad olunması Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Bu tarixi qələbə gələcək nəsillərə dövlətçiliyin, vətən sevgisinin, milli birliyin və qəhrəmanlığın əhəmiyyətini göstərən mühüm nümunədir. Cəbrayılın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim ehtiramla yad ediləcək. Azad Cəbrayıl isə Azərbaycanın ərazi bütövlüyünün bərpasının və xalqımızın böyük qələbəsinin rəmzlərindən biri kimi yaşayacaq.

Kamal Quluzadə,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button