
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Özbəkistan küçəsi, 11” ünvanında yerləşən ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli-mənəvi dəyərlərin qorunması mövzusunda görüş keçirilib. Tədbirdə məktəblilər, təhsil işçiləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aktualinfo Media Qrup xəbər verir ki,tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən proqram xarakterli müddəalar partiyanın gələcək fəaliyyət istiqamətlərini və qarşıda duran mühüm vəzifələri müəyyənləşdirir. O, çıxışında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ənənələrinin, azərbaycançılıq ideologiyasının və milli-mənəvi dəyərlərin gənc nəslin tərbiyəsində əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafı, dövlət suverenliyinin möhkəmləndirilməsi və gənclərin hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlər qarşıya yeni hədəflər qoyur. Gənclərin Vətənə bağlı, bilikli, məsuliyyətli və fəal vətəndaşlar kimi yetişməsi bu hədəflərin reallaşmasında mühüm yer tutur.
Tədbirdə çıxış edən 32 nömrəli tam orta məktəbin direktoru Sevda Abdullayeva şagirdlərin təlim-tərbiyəsində məktəb və ailə ilə yanaşı, cəmiyyətin də mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin təhsil, gənclər siyasəti və milli-mənəvi dəyərlərin qorunması ilə bağlı irəli sürdüyü prinsiplər gənc nəslin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən təşəbbüslər və gənclərin inkişafına yönələn tədbirlər də onların bilik və bacarıqlarının artırılması üçün yeni imkanlar yaradır. Natiq qeyd edib ki, Vətənə sevgi doğma yurda, ana dilinə, tarixə və dövlət rəmzlərinə hörmət, milli-mənəvi dəyərlərə bağlılıq və cəmiyyət qarşısında məsuliyyət hissi ilə ifadə olunur.
Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli həmrəyliyin təmin olunmasında və gənclər siyasətinin formalaşdırılmasında roluna toxunublar. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra qarşıda duran inkişaf vəzifələri barədə fikirlər səsləndirilib. Bildirilib ki, gənc nəslin milli ruhda tərbiyəsi, tariximizin dərindən öyrənilməsi, dövlətçilik ənənələrinə hörmət və vətəndaşlıq məsuliyyətinin aşılanması mühüm əhəmiyyət kəsb edir. Hər bir şagirdin yaxşı təhsil alması, biliklərini artırması, intizamlı və məsuliyyətli davranması Azərbaycanın gələcəyinə verə biləcəyi töhfənin əsasını təşkil edir.
Sonda məktəblilərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr keçirilib.















