
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Astara rayon təşkilatının “Astara Olimpiya-İdman Kompleksi” ərazi partiya təşkilatında partiya üzvlərinin iştirakı ilə iclas keçirilib.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov çıxış edərək VIII Qurultayın siyasi əhəmiyyətindən və yeni mərhələdə partiya təşkilatlarının qarşısında duran vəzifələrdən danışıb. O, qurultayın nəticələrinin hər bir partiya üzvünə çatdırılmasının, ərazi partiya təşkilatlarında işin səmərəliliyinin artırılmasının və üzvlərin ictimai-siyasi fəallığının dəstəklənməsinin vacibliyini vurğulayıb. Əhali ilə birbaşa ünsiyyətin və vətəndaşların təşəbbüslərinə diqqətlə yanaşılmasının təşkilatın fəaliyyətində mühüm yer tutduğunu qeyd edib.
Astara Olimpiya-İdman Kompleksinin rəsi Aslan Ağayev çıxış edərək Prezident İlham Əliyevin nitqinin əsas müddəalarının təbliği və ideoloji işin təşkili məsələlərinə toxunub. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik dəyərlərinin ictimaiyyətə çatdırılmasında partiya üzvlərinin məsuliyyətindən bəhs edib. O, qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsində Kompleksdə çalışan partiya üzvlərinin fəal iştirakının vacibliyini bildirib. İdmanın inkişafının, sağlam həyat tərzinin təşviqinin, intellektual bacarıqların formalaşdırılmasının əhəmiyyətindən danışaraq ərazi partiya təşkilatının fəaliyyətində təşəbbüskarlığın və birgə işin gücləndirilməsinə diqqət yetiriləcəyini qeyd edib.



