
AzTU-nun nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində müşavirə keçirilib.
Oktyabrın 16-da “A.M.Şərifzadə küç. 131” ünvanı üzrə (Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru Səbuhi Qurbanov, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru Səbuhi Qurbanov tədbir iştirakçılarını salamlayaraq, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında oynadığı mühüm roldan geniş bəhs edib. O, kollektivdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, təhsilin keyfiyyətinin artırılması və partiyanın ideoloji xəttinə uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumat verib. S.Qurbanov partiya rəhbərliyinin tapşırıq və tövsiyələrinin kollec tərəfindən hər zaman yüksək səviyyədə icra edildiyini vurğulayıb.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın Qurultayındakı tarixi və proqram xarakterli nitqindən irəli gələn əsas prioritetləri və mühüm vəzifələri geniş şəkildə diqqətə çatdırıb.
B.Nəbiyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında təsis edilən Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin siyasi sabitliyinin, sosial-iqtisadi tərəqqisinin və dövlət müstəqilliyinin möhkəmlənməsinin başlıca qarantına çevrilmişdir. Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycan tarixi Zəfərlərə imza atıb, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Partiya sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yalnız ölkəmizin deyil, regionun ən böyük və nüfuzlu siyasi qüvvəsi kimi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
YAP Yasamal rayon təşkilatının sədri xüsusi olaraq qeyd edib ki, partiya rəhbərliyinin tapşırıqlarına uyğun olaraq ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, ideoloji işin keyfiyyətinin yüksəldilməsi və partiya intizamının möhkəmləndirilməsi günün baş tələblərindən biridir. O, təhsil müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının üzərinə böyük məsuliyyət düşdüyünü bildirərək, gənclərin milli-mənəvi dəyərlər, vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunmasının, onların ictimai-siyasi proseslərdə daha fəal iştirakının təmin edilməsinin vacibliyini vurğulayıb.
Çıxış edən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov kollecin ərazi partiya təşkilatının fəaliyyəti, həyata keçirilən təşkilati işlər və tələbə-gənclərlə aparılan maarifləndirmə tədbirləri haqqında ətraflı məlumat verib. Ş.Məmmədov ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinə dəstək olmaq məqsədilə kollecin pedaqoji heyətinin üzərinə düşən məsuliyyəti yüksək səviyyədə dərk etdiyini bildirib.
Çıxış edən “A.M.Şərifzadə küç. 131” ünvanı üzrə (Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci) ərazi partiya təşkilatının sədri Səidə Quliyeva ərazi təşkilatının üzvlərinin fəallığı və qarşıda duran hədəflər barədə məlumat verib. S.Quliyeva qeyd edib ki, ərazi partiya təşkilatı bundan sonra da cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətini, Yeni Azərbaycan Partiyasının ideoloji prinsiplərini əzmlə təbliğ edəcək və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Digər çıxış edənlər ərazi partiya təşkilatında aparılan ideoloji-maarifləndirmə işlərindən və tələbələrin partiya sıralarına inteqrasiyasından bəhs ediblər. Onlar cənab Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək, gənc nəslin vətənpərvər ruhda tərbiyəsi və Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn tapşırıqların icrası üçün var gücləri ilə çalışacaqlarını bildiriblər.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.



















