AnalitikaGündəmSiyasət

17 Oktyabr-Füzuli şəhəri Günü: Tarixi Zəfər və Böyük Qayıdış

Mən Azərbaycanlı gənc olaraq qürur duyuram ki, Müstəqil Azərbaycanın gənciyəm. 17 oktyabr Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıyan, milli qürur və qəhrəmanlıq salnaməmizin parlaq səhifələrindən biri olan Füzuli Şəhəri Günüdür. Füzulinin azadlığı Azərbaycan xalqının Vətənə bağlılığının, milli birliyinin, dövlətimizin gücünün və Azərbaycan Ordusunun qəhrəmanlığının bariz nümunəsidir. Uzun illər işğal altında qalan Füzuli şəhəri xalqımızın yaddaşında doğma torpaqlarımıza qayıdışın, tarixi ədalətin bərpasının və milli iradənin rəmzi kimi yaşayırdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə aparılan Vətən müharibəsi nəticəsində Füzuli şəhəri azad edildi. Bu tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ oldu. Füzuli şəhərinin azad olunması Vətən müharibəsinin mühüm nailiyyətlərindən biri olmaqla yanaşı, Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı qayıdış arzusunun gerçəkləşməsinə yol açdı. Bu Qələbə dövlətimizin hərbi qüdrətini, xalqımızın həmrəyliyini və milli maraqlarımızın qorunması istiqamətində nümayiş etdirilən qətiyyəti bütün dünyaya göstərdi. Füzulinin azad edilməsi şəhidlərimizin qanı bahasına əldə edilmiş tarixi nailiyyətlərimizdəndir.Bu torpaqlar uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Onların fədakarlığı Vətən sevgisinin, torpağa sədaqətin və milli ruhun ən yüksək təcəssümüdür. İşğaldan azad edildikdən sonra Füzuli şəhərində genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılmışdır. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində şəhərdə müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin bərpası və sosial obyektlərin inşası istiqamətində mühüm layihələr həyata keçirilir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin strateji və iqtisadi əhəmiyyətini artırmış, Qarabağın nəqliyyat imkanlarının genişləndirilməsinə töhfə vermişdir. Bu layihə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur qurmaq imkanlarını və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir. Füzulidə aparılan quruculuq işləri yalnız şəhərin fiziki görünüşünün dəyişdirilməsi ilə məhdudlaşmır. Burada yeni yaşayış mühitinin formalaşdırılması, insanların sosial rifahının yüksəldilməsi və iqtisadi fəaliyyət imkanlarının genişləndirilməsi əsas məqsədlərdəndir.

Füzulinin dirçəlişində Böyük Qayıdış proqramı xüsusi əhəmiyyət daşıyır. Uzun illər doğma torpaqlarından ayrı düşmüş sakinlərin öz evlərinə qayıtması xalqımızın mənəvi həyatında mühüm hadisədir. Doğma yurda dönüş yalnız yaşayış yerlərinin bərpası deyil, həm də illərlə qorunan ümidlərin və arzuların gerçəkləşməsini. Sakinlərin təhlükəsiz və rahat yaşayışının təmin edilməsi, təhsil, səhiyyə və digər sosial xidmətlərin inkişafı Füzulinin davamlı inkişafının əsas istiqamətlərindəndir. Bu proses doğma torpaqlarda həyatın yenidən canlanmasına, ailələrin öz yurdlarında məskunlaşmasına və şəhərin gələcək nəsillər üçün inkişaf edən məkana çevrilməsinə xidmət edir. Füzuli Şəhəri Günü Azərbaycan gəncləri üçün vətənpərvərlik, milli birlik və dövlətçilik dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. Gənc nəsil tariximizi dərindən öyrənməli, şəhidlərimizin əziz xatirəsini daim uca tutmalı və ölkəmizin inkişafına öz töhfəsini verməlidir. Bu gün gənclərin üzərinə düşən əsas vəzifələrdən biri əldə edilmiş tarixi Qələbəni qorumaq, milli-mənəvi dəyərlərimizi yaşatmaq, təhsil və elmin inkişafına çalışmaq, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə töhfə verməkdir. Füzulinin yenidən qurulması gənclərə quruculuq, məsuliyyət və gələcəyə inam nümunəsi göstərir.

Maqsud Əhmədzadə,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button