
Prezident İlham Əliyevin AQEM Zirvə Görüşündəki çıxışında ən çox diqqət çəkən mövzulardan biri Azərbaycanın torpaqlarını işğaldan azad etməsi və tarixi ədaləti bərpa etməsi oldu. Dövlət başçısı 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərin geosiyasi reallıqları necə dəyişdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. 30 illik işğala son qoyan Azərbaycanın öz gücü və iradəsi ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdiyi xüsusi vurğulandı.
Ölkə rəhbəri çıxışında Ermənistanın işğalçılıq siyasətinin acı fəsadlarına, dağıdılmış şəhər və kəndlərimizə də toxundu. Qeyd edildi ki, müharibə Azərbaycanın seçimi olmayıb, lakin Ermənistanın və onun havadarlarının təxribatları ölkəmizi öz suverenliyini güc yolu ilə bərpa etməyə məcbur etmişdir. Buna baxmayaraq, Azərbaycan döyüş meydanında qalib gələrək düşməndən qisasını alsa da, dinc əhaliyə və ya məğlub tərəfə qarşı qeyri-insani addımlar atmamışdır.
Zəfərdən dərhal sonra Azərbaycanın Ermənistana sülh müqaviləsi teklif etməsi xalqımızın humanist xarakterini və sülhpərvər mahiyyətini göstərir. Prezident vurğuladı ki, əldə edilən sülh hələ də kövrəkdir və onu qoruyub saxlamaq üçün region dövlətlərinin və beynəlxalq birliyin birgə səyləri vacibdir. Azərbaycan regionda uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasında əzmli mövqe nümayiş etdirir.
Yekun olaraq, İlham Əliyevin bu çıxışı qalib dövlətin liderinin sülhə yönəlmiş iradəsini tərənnüm edir. Torpaqlarını işğaldan azad edən Azərbaycan indi bütün region üçün təhlükəsizlik və inkişaf imkanları yaradır. Prezidentin mesajları göstərir ki, güclü ordu və diplomatik fəaliyyət yalnız müharibəyə deyil, həm də ədalətli sülhün bərqərar olunmasına xidmət edir.
Pərviz Həsənov,
YAP Nizami rayon təşkilatının fəalı



