
İşğaldan azad olunmuş Qubadlı rayonu indi tamamilə yeni bir inkişaf və dirçəliş dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa nəzarəti ilə rayonda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dağıdılmış infrastruktur yenidən qurulur, müasir yollar, elektrik xətləri və digər zəruri obyektlər tikilir.
“Böyük Qayıdış” proqramı çərçivəsində Qubadlıda da yeni yaşayış məntəqələrinin salınması istiqamətində ardıcıl addımlar atılır. Müasir standartlara cavab verən kəndlər və qəsəbələr inşa olunur ki, bu da sakinlərin tezliklə öz yurdlarına qayıtmasına şərait yaradır. Qubadlı yenidən Azərbaycanın ən gözəl və abad guşələrindən birinə çevrilməkdədir.
Rayonda həyata keçirilən layihələrdə “ağıllı şəhər” və “ağıllı kənd” konseptləri geniş tətbiq olunur. Ekoloji təmiz enerji mənbələrindən istifadə, müasir kənd təsərrüfatı imkanları və innovativ texnologiyalar Qubadlının gələcəyini daha da parlaq edir. Bu quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi qüdrətinin və iradəsinin bariz nümunəsidir.
Qubadlının bərpası həm də xalqımızın yaradıcı ruhunun və quruculuq əzminin təzahürüdür. Azad olunmuş torpaqlarda həyatın yenidən qaynayıb-qarışması şəhidlərimizin ruhuna ən böyük ehtiramdır. Qubadlılılar tezliklə doğma ocaqlarında əbədi və dinc həyat sürəcəklər.
Vüsal Musayev,
YAP Nizami rayon təşkilatının fəal üzvü



