AnalitikaGündəmSiyasət

Münaqişələrin yeganə həlli ortak gələcək naminə birgə səylərin birləşdirilməsidir

2026-cı il oktyabrın 27-də Bakı şəhərində “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təntənəli açılış mərasimi keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət rəsmilərini, beynəlxalq təşkilatların rəhbərlərini, tanınmış mədəniyyət və elm xadimlərini bir araya gətirən bu möhtəşəm tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli və dərin məzmunlu çıxış etmişdir.

Prezident İlham Əliyev öz çıxışında Bakının artıq uzun illərdir ki, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında körpü rolunu oynayan qlobal platformaya çevrildiyini növbəti dəfə nümayiş etdirmişdir. Müasir dünyada artan geosiyasi gərginliklər, etnik və dini münaqişələr fonunda keçirilən bu forum, bəşəriyyətin dinc və birgəyaşayış prinsiplərinə əsaslanan “Bakı Prosesi”nin davamlılığının aydın göstəricisidir.

Prezident İlham Əliyevin nitqi müasir beynəlxalq münasibətlər sisteminin ən aktual problemlərini, humanitar diplomatiyanı və regional reallıqları əhatə edən bir neçə təməl sütun üzərində qurulmuşdur. 2008-ci ildən əsası qoyulmuş “Bakı Prosesi” sadəcə təşəbbüs deyil, artıq qlobal səviyyədə qəbul edilən effektiv bir mexanizmdir. Azərbaycan əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və həmrəylik şəraitində yaşadığı məkandır. Multikulturalizm Azərbaycan üçün sadəcə dövlət siyasəti deyil, eyni zamanda xalqın həyat tərzidir.

Forumda dövlət başçısının çıxışında vurğuladığı növbəti əsas məqamlardan biri də dünyada dərinləşən qütbləşməyə, ksenofobiya, islamofobiya və irqçilik təzahürlərinə qarşı birgə mübarizənin vacibliyidir. Bu mənada “Ortaq gələcək naminə dialoq” mövzusu yalnız müzakirə predmeti olmamalı, konkret əməli fəaliyyətlərə və beynəlxalq hüququn prinsiplərinə söykənməlidir.

Prezident İlham Əliyev Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlara toxunaraq, Azərbaycanın regionda davamlı sülhün və sabitliyin bərqərar olunması istiqamətində atdığı addımları nəzərə çatdırmışdır. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, tarixi və mədəni irsin bərpası, eləcə də Zəngəzur dəhlizi daxil olmaqla regional nəqliyyat və kommunikasiya layihələrinin qlobal inteqrasiyaya verdiyi töhfələr çıxışın mühüm tərkib hissəsi olmuşdur. Dünyanın üzləşdiyi ekoloji problemlər və iqlim dəyişikliyinin humanitar nəticələri də diqqət mərkəzində saxlanılmışdır. Ətraf mühitin mühafizəsi və yaşıl enerjiyə keçid məsələləri mədəniyyətlərarası dialoqun yeni tərkib hissəsinə çevrilməli, gələcək nəsillər üçün ekoloji məsuliyyət hissi formalaşdırılmalıdır.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu və yumşaq güc diplomatiyasındakı liderliyini bir daha təsdiqləmişdir. Şərq və Qərb sivilizasiyalarının qovuşacağında yerləşən Azərbaycanın dialoq üçün ən etibarlı platformadır. Xüsusilə mədəniyyətlərarası anlaşmanın gələcək nəsillərə ötürülməsi üçün təhsil layihələrinin və gənclər mübadiləsinin genişləndirilməsi olduqca böyük əhəmiyyət daşıyır. Beynəlxalq təşkilatların, o cümlədən BMT, UNESCO, UNAOC və ICESCO-nun dialoqun təşviqindəki rolunun artırılması isə bu işə mühüm töhfə verəcək.

Bir sözlə, Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı təkcə tədbirin açılış nitqi deyil, müasir dünyanın qarşısında duran çağırışlara qarşı aydın cavab və fəaliyyət proqramıdır. Bakı Forumu bir daha sübut etdi ki, münaqişələrin, parçalanmaların və ziddiyyətlərin yeganə həlli yolu dialoq, qarşılıqlı hörmət və ortaq gələcək naminə birgə səylərin birləşdirilməsidir. Azərbaycan bu nəcib missiyanı özünün xarici siyasətinin prioritet istiqaməti kimi uğurla davam etdirir.

Vüsar İsmayılov,
Yeni Azəbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button