AnalitikaGündəmSiyasət

Mədəniyyətlərin dialoqunda Azərbaycanın körpü missiyası

Hazırda gərgin proseslərin getdiyi, xalqlararası münaqişələrin, müharibələrin baş verdiyi bir dönəmdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal sülhün qorunması, dövlətlərarası körpülərin qurulması, xalqalar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi, mədəniyyətlərarası münasibətlərin inkişafı üçün olduqca effektiv və vacib bir platformadır. Belə platformaların müxtəlif mədəniyyət və din nümayəndələrini bir araya gətirən ksenofobiya, radikalizm və ayrı-seçkilik kimi qlobal təhdidlərin qarşısını almaqda, dialoq vasitəsilə münaqişələrin azaldılmasında, qlobal çağırışlara qarşı ortaq həll yollarının tapılmasında mühüm rolu vardır.

Oktyabrın 27-29-da Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu baş tutmuşdur. 2011-ci ildə Bakıda keçirilən ilk Ümumdünya Forumunun 15 illik yubileyinə təsadüf edən bu forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş miqyaslı çıxış etmişdir. Dövlət Başçımız çıxışında bu forumların iki ildən bir keçirildiyini, COVİD pandemiyası zamanı isə müəyyən fasilələrin olduğunu bildirdi. Forum sonuncu dəfə 2024-cü ildə keçirilmişdir.

Prezidentimiz Azərbaycanın tarixən Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolu oynadığını, ölkəmizdə multikulturalizm, dini və etnik tolerantlıq ənənələrinin əsrlər boyu qorunub saxlandığını və müxtəlif xalqalrın birgə yaşayışı, qarşılıqlı hörmət və həmrəyliyin Azərbaycan cəmiyyəti üçün əsas meyar olduğunu diqqətə çatdırmışdır. O, çıxışında həmçinin, dünyada baş verən münaqişələr, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması, sülhün qorunması və beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası məsələlərinə də toxunmuşdur. Ölkəmizin beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş kimi mövqeyi də qeyd edilmişdir. Mədəniyyətlərarası dialoqun inkişafı yalnız dövlətlər arasında münasibətlərin möhkəmlənməsi deyil, həm də xalqlar arasında sülhün, etimadın və təhlükəsizliyin təmin olunmasıdır.

Çıxışda ikili standartlar siyasətinin beynəlxalq münasibətlərdən tam şəkildə çəxarılmasının vacibliyi xüsusi qeyd edildi. Dövlət başçımız onu da vurğuladı ki, müstəqil ölkələrə dərslər keçilməməli, hansısa güclər tərəfindən onlara necə yaşamaq, nəyi edib-etməmək barədə göstərişlər verilməməlidir. Ədalətli beynəlxalq nizamın bərqərar olunması suverenliyə hörmətdən keçir. Eyni zamanda, İlham Əliyev Azərbaycanın işğal olunmuş torpaqlarını öz gücünə azad etməsi, suverenliyin tam bərpa edilməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə icra etməsi barədə də danışdı.

Ölkəmizin belə bir mötəbər tədbirə ev sahibliyi etməsi beynəlxalq əməkdaşlığa və qlobal dialoqlara açıq mövqeyinin göstəricisi oldu.

Əliəskərova Nuray,
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini 

Oxşar Xəbərlər

Back to top button