GündəmAnalitikaSiyasət

Şuşa Zəfəri – Azərbaycan xalqının sarsılmaz iradəsinin təcəssümü

Azərbaycan xalqının tarixində elə anlar var ki, həmin anlarda bütün ölkə vahid ürək kimi döyünür, milyonlarla insanın arzusu və ümidi bir məqsəd ətrafında birləşir. 2020-ci ilin payızında Vətən müharibəsi zamanı xalqımız məhz belə bir birlik nümayiş etdirdi. Hər kəsin diqqəti Qarabağa, işğal altındakı torpaqlarımızın azadlığına yönəlmişdi. Bu mübarizənin ən mühüm və həlledici məqamlarından biri isə Şuşanın azad edilməsi oldu. Qarabağın incisi olan bu şəhərin azadlığı xalqımızın uzun illər qəlbində daşıdığı həsrətin sona çatması, milli iradəmizin və dövlətçilik gücümüzün təntənəsi idi.

Şuşa əməliyyatı Azərbaycan hərb tarixinin ən şərəfli səhifələrindən biri hesab olunur. Azərbaycan əsgərləri mürəkkəb dağlıq şəraitdə, böyük çətinliklər qarşısında misilsiz qəhrəmanlıq göstərərək şəhəri azad etdilər. Bu qələbə müasir hərb tarixində cəsarətin, peşəkarlığın və yüksək vətənpərvərlik ruhunun nümunəsi kimi xüsusi yer tutur. 8 noyabr 2020-ci ildə Prezident İlham Əliyevin Şuşanın azad edilməsi xəbərini Azərbaycan xalqına çatdırması ölkəmizdə əsl bayram ovqatı yaratdı. Həmin gün hər bir azərbaycanlı üçün Şuşa yalnız azad edilmiş şəhər deyil, milli qürurun yenidən ucaldığı müqəddəs ünvan oldu.

Şuşanın azadlığından sonra şəhərdə həyata keçirilən quruculuq işləri dövlətimizin gələcəyə hesablanmış siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Şəhərin tarixi memarlıq siması qorunmaqla müasir infrastruktur yaradılır, mədəniyyət ocaqları bərpa edilir, turizm imkanları genişləndirilir. Dövlət başçısının Şuşaya səfərləri, burada keçirilən tədbirlər və açılış mərasimləri şəhərin dirçəlişinə verilən yüksək diqqətin göstəricisidir. Şuşa bu gün Azərbaycanın iqtisadi, mədəni və turizm potensialının nümayiş olunduğu, beynəlxalq tədbirlərin keçirildiyi nüfuzlu məkana çevrilməkdədir.

Şuşa Zəfəri xalqımızın heç bir zaman unudulmayacaq ortaq qürurudur. Bu qələbə sübut etdi ki, Azərbaycan xalqı öz milli maraqlarını qorumağa, tarixi torpaqlarını azad etməyə və dövlət müstəqilliyini möhkəmləndirməyə qadirdir. 8 Noyabr – Şuşa Şəhəri Günü münasibətilə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Şuşanın azadlığı ilə tariximizin yeni mərhələsi başlandı. Bu mərhələ Zəfər, quruculuq, inkişaf və milli həmrəylik mərhələsidir. Şuşa hər zaman Azərbaycan xalqının yenilməzliyinin rəmzi olaraq yaşayacaqdır.

Samir Abuzərli,
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button