
Tarix elə hadisələrlə zəngindir ki, onlar yalnız bir dövrün deyil, bütöv bir xalqın taleyini dəyişir. Şuşanın işğaldan azad edilməsi də Azərbaycan tarixində belə möhtəşəm hadisələrdən biridir. Uzun illər xalqımızın qəlbində nisgilə çevrilmiş Şuşa həsrəti 2020-ci il noyabrın 8-də sona çatdı. Qarabağın baş tacı hesab edilən bu şəhərin azadlığı milli yaddaşımızda yeni bir səhifə açdı, xalqımızın tarixi torpaqlarına bağlılığını və heç vaxt sınmayan mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi. Şuşa bizim üçün sadəcə coğrafi məkan deyil, milli mənəviyyatımızın, mədəniyyətimizin və tariximizin ayrılmaz parçasıdır.
Azərbaycan Ordusunun Şuşa uğrunda apardığı döyüşlər hərb tariximizə qəhrəmanlıq nümunəsi kimi daxil olmuşdur. Dağlıq ərazidə, mürəkkəb relyef şəraitində həyata keçirilən əməliyyatlar əsgərlərimizin yüksək döyüş hazırlığını, cəsarətini və fədakarlığını nümayiş etdirdi. Vətən övladları doğma torpağın azadlığı naminə bütün çətinliklərə sinə gərərək Şuşaya doğru irəlilədilər. Bu qələbənin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı, xalqımızın birliyi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi dayanırdı. Şuşanın azad olunması ilə Azərbaycan xalqı uzun illər gözlədiyi tarixi ədalətə qovuşdu.
Şəhərin azad edilməsindən sonra başlanan bərpa və yenidənqurma prosesi Şuşanın gələcək inkişafı üçün möhkəm təməl yaratdı. Tarixi və dini abidələrin bərpası, yolların və kommunal infrastrukturun yenilənməsi, yaşayış binalarının tikintisi şəhərin yeni həyatına təkan verdi. Dövlətimizin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Şuşa yenidən ölkəmizin mühüm mədəniyyət və turizm mərkəzinə çevrilir. Burada təşkil olunan beynəlxalq tədbirlər Azərbaycanın sülh, əməkdaşlıq və mədəniyyətə verdiyi önəmi nümayiş etdirir. Şuşanın dirçəlişi xalqımızın qurmaq, yaratmaq və öz tarixi irsinə sahib çıxmaq əzminin təcəssümüdür.
8 Noyabr – Şuşa Şəhəri Günü tarixi yaddaşımızı yaşadan, milli qürurumuzu yüksəldən və gələcək nəsillərə qəhrəmanlıq dərsi verən əlamətdar gündür. Bu tarix bizə bir daha göstərir ki, xalqın iradəsi, dövlətin gücü və ordunun qəhrəmanlığı bir araya gəldikdə ən çətin hədəflərə belə çatmaq mümkündür. Şuşanın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq, onların qəhrəmanlığı heç vaxt unudulmayacaq. Şuşa Azərbaycan xalqının tarixi ədalətə qovuşmasının, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin əbədi simvoludur.
Günay Şahverdiyeva,
YAP Xəzər rayon təşkilatının fəalı



