
Dövlət dili hər bir xalqın milli kimliyini, tarixi yaddaşını və siyasi müstəqilliyini ifadə edən fundamental amillərdən biridir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də dövlətçilik ənənələrinin, milli-mədəni irsin və ictimai birliyin qorunmasının əsas dayağıdır. Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunun möhkəmləndirilməsi ölkəmizin konstitusion inkişaf tarixində xüsusi yer tutur. Bu prosesdə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti mühüm rol oynayıb.
1970-ci illərdə sovet siyasi sisteminin mövcud reallıqları milli dillərin inkişafı üçün müəyyən məhdudiyyətlər yaradırdı. Buna baxmayaraq, Heydər Əliyev Azərbaycan dilinin ictimai və dövlət həyatında mövqeyinin qorunmasına xüsusi diqqət yetirirdi. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasının hazırlanması zamanı onun təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi milli maraqların müdafiəsi baxımından mühüm siyasi addım idi. Həmin qərar ana dilinin hüquqi statusunun qorunması ilə yanaşı, milli özünüdərkin güclənməsinə də töhfə verdi.
Müstəqillik əldə edildikdən sonra Azərbaycan dilinin dövlət dili statusu daha geniş hüquqi təminatlarla möhkəmləndirildi. 1995-ci il Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bu müddəa dil siyasətinin dövlətçilik səviyyəsində prioritet istiqamət olduğunu təsdiqlədi. Dövlət dilinin qorunması, inkişaf etdirilməsi və ictimai həyatın bütün sahələrində tətbiqi milli suverenliyin ayrılmaz hissəsinə çevrildi.
Müasir dövrdə qloballaşma, rəqəmsallaşma və beynəlxalq informasiya mübadiləsinin sürətlənməsi milli dillərin qarşısında yeni çağırışlar yaradır. Azərbaycan dilinin elmi, texnoloji, təhsil, media və diplomatik mühitdə daha geniş istifadəsi dövlətin milli-mədəni təhlükəsizlik siyasətinin vacib istiqamətlərindəndir. Bu baxımdan, dilin qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Ana dilinin düzgün işlədilməsi və gələcək nəsillərə ötürülməsi milli kimliyin davamlılığını təmin edir.
Azərbaycan dilinin dövlət dili kimi qorunması ölkəmizin müstəqillik fəlsəfəsinin mühüm tərkib hissəsidir. Heydər Əliyevin müəyyən etdiyi milli dil siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilərək yeni dövrün tələblərinə uyğun inkişaf etdirilir. Bu siyasət göstərir ki, siyasi suverenliklə yanaşı, dil və mədəniyyət suverenliyi də dövlətin gücünü müəyyən edən əsas amillərdəndir. Azərbaycan dili milli birliyimizin, tarixi yaddaşımızın və müstəqil dövlətçiliyimizin mühüm rəmzidir.
Sülhanə Nəsibova,
YAP Nizami rayon təşkilatının “Bəkir Çobanzadə küçəsi, 345” ərazi partiya təşkilatının sədr müavini



