AnalitikaGündəmSiyasət

Azərbaycan-Böyük Britaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi və regional əməkdaşlıq perspektivləri

2026-cı il noyabrın 12-də Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnham tərəfindən Dublin şəhərində imzalanmışdır. Bu Bəyannamə iki ölkə arasında uzun illər ərzində formalaşmış siyasi, iqtisadi və diplomatik münasibətlərin yeni mərhələyə yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin əsası hələ müstəqilliyimizin ilk illərində qoyulmuşdur. 1994-cü il fevralın 23-də Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamənin, 1998-ci il iyulun 21-də isə Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələlər olmuşdur. Xüsusilə, Azərbaycanın enerji sektorunda Böyük Britaniya şirkətlərinin iştirakı iqtisadi münasibətlərin genişlənməsinə ciddi təsir göstərmişdir. Yeni Strateji Tərəfdaşlıq Bəyannaməsi məhz bu tarixi əməkdaşlığın davamı kimi çıxış edir və münasibətlərin daha geniş sahələri əhatə etməsini nəzərdə tutur. Bəyannamənin əsas siyasi əhəmiyyəti Azərbaycan və Böyük Britaniya arasında qarşılıqlı hörmətə, ortaq maraqlara və praktik əməkdaşlığa əsaslanan münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsidir. Sənəddə hər iki dövlət Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiklərini bir daha təsdiqləyirlər. Bu müddəalar Azərbaycanın beynəlxalq münasibətlər sistemində suveren dövlət kimi mövqeyinin və milli maraqlarının əhəmiyyətini göstərir. Bəyannamənin mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsidir. Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik məsələlərinin aktuallaşması dövlətlər arasında bu istiqamətdə qarşılıqlı fəaliyyətin vacibliyini artırır. Sənəddə müdafiə sahəsində təlimlərin keçirilməsi, potensialın artırılması, təcrübə mübadiləsi və qarşılıqlı fəaliyyət imkanlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının araşdırılması da diqqət çəkən məsələlərdəndir. Bununla yanaşı, hüquq-mühafizə orqanları arasında əlaqələrin gücləndirilməsi, sərhəd idarəçiliyi, məhkəmə və hüquqi əməkdaşlığın inkişaf etdirilməsi də tərəflərin əsas prioritetləri sırasına daxildir. İqtisadi və ticarət əlaqələrinin inkişafı Bəyannamənin digər mühüm istiqamətini təşkil edir. Azərbaycan Böyük Britaniya üçün Cənubi Qafqazda mühüm iqtisadi tərəfdaşlardan biridir. Xüsusilə, enerji sektorunda mövcud əməkdaşlıq iki ölkə arasında iqtisadi münasibətlərin əsasını təşkil etmişdir. Yeni sənəd isə ənənəvi enerji əməkdaşlığı ilə yanaşı, iqtisadiyyatın digər sahələrində də əlaqələrin genişləndirilməsini nəzərdə tutur. Ticarətin inkişafı, investisiyaların təşviqi, innovasiyaların tətbiqi və iqtisadi artımın dəstəklənməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, tərəflər açıq ticarətin və dayanıqlı iqtisadi inkişafın uzunmüddətli sabitlik və rifah üçün vacib olduğunu qəbul edirlər. Enerji sahəsində əməkdaşlıq Azərbaycan-Böyük Britaniya münasibətlərinin ənənəvi və strateji istiqamətlərindən biridir. Azərbaycanın zəngin enerji resursları və əlverişli coğrafi mövqeyi ölkəmizi Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan birinə çevirmişdir. Böyük Britaniyanın enerji sektorunda təcrübəsi və texnoloji imkanları isə bu əməkdaşlığın inkişafı üçün əlavə perspektivlər yaradır. Bununla yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbon texnologiyalarının tətbiqi də gələcək əməkdaşlığın vacib istiqamətlərindəndir. Bu, Azərbaycanın ənənəvi enerji resurslarından əldə etdiyi imkanlarla yanaşı, yaşıl enerji sahəsində də beynəlxalq tərəfdaşlıqlarını genişləndirmək siyasətinə uyğun gəlir. Bəyannamənin geosiyasi baxımdan əhəmiyyətli istiqamətlərindən biri nəqliyyat və logistika imkanlarının inkişafıdır. Azərbaycan Şərq ilə Qərb arasında mühüm tranzit ölkə kimi çıxış edir. Xüsusilə, Orta Dəhlizin inkişafı ölkəmizin beynəlxalq nəqliyyat sistemində strateji mövqeyini daha da gücləndirir. Böyük Britaniya ilə iqtisadi və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın tranzit imkanlarının artırılmasına, beynəlxalq ticarət əlaqələrinin inkişafına və regionun nəqliyyat-logistika potensialından daha səmərəli istifadəyə şərait yarada bilər. Bu baxımdan Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də mühüm nəqliyyat və logistika mərkəzi kimi beynəlxalq əhəmiyyətini artırır. Sənəddə təhsil, elm və innovasiya sahələrinə də xüsusi diqqət yetirilmişdir. Böyük Britaniya dünyanın qabaqcıl təhsil və elmi-tədqiqat mərkəzlərinə malik dövlətlərindən biridir. Azərbaycan üçün bu ölkə ilə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, müasir bilik və təcrübənin öyrənilməsi, universitetlərarası əlaqələrin inkişafı mühüm əhəmiyyət daşıyır. Bəyannamədə peşə hazırlığı, rəqəmsal bacarıqlar, elmi tədqiqatlar və texnoloji innovasiyalar sahəsində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Xüsusilə, rəqəmsal transformasiya və müasir texnologiyaların tətbiqi hər iki dövlət üçün gələcək inkişaf baxımından əhəmiyyətli istiqamətlər hesab olunur. Bəyannamədə xalqlar arasında əlaqələrin gücləndirilməsi məsələsi də diqqətdən kənarda qalmamışdır. Tərəflər insanlararası münasibətlərin, icmalar arasında birbaşa əlaqələrin və qarşılıqlı anlaşmanın inkişafını vacib hesab edirlər. Çünki dövlətlərarası münasibətlərin davamlılığı yalnız siyasi və iqtisadi razılaşmalardan deyil, həm də xalqlar arasında formalaşan etimad və əməkdaşlıqdan asılıdır. Bu baxımdan mədəniyyət, təhsil və ictimai əlaqələr sahəsində həyata keçiriləcək təşəbbüslər iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edə bilər. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkəmizin xarici siyasətində mühüm diplomatik nailiyyətlərdən biri kimi qiymətləndirilə bilər. Bu sənəd Azərbaycan-Böyük Britaniya münasibətlərini yalnız enerji və iqtisadi əməkdaşlıq çərçivəsində deyil, müdafiə və təhlükəsizlik, ticarət, investisiya, nəqliyyat, təhsil, elm və innovasiya kimi geniş sahələr üzrə inkişaf etdirmək məqsədi daşıyır. Eyni zamanda, Azərbaycanın Avropa dövlətləri ilə əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq iqtisadi və siyasi proseslərdə rolunun artırılması baxımından yeni imkanlar yaradır. Hesab edirəm ki, Bəyannamənin əsas əhəmiyyəti iki ölkə arasında mövcud əməkdaşlığın hüquqi-siyasi əsaslarının möhkəmləndirilməsi və gələcək münasibətlərin uzunmüddətli strateji məqsədlər üzərində qurulmasıdır. Bu tərəfdaşlığın ardıcıl şəkildə həyata keçirilməsi həm Azərbaycanın milli maraqlarına, həm də Cənubi Qafqazda sülh, təhlükəsizlik və iqtisadi əməkdaşlıq mühitinin gücləndirilməsinə töhfə verə bilər.

Sidiqə Qasımova,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button