AnalitikaDünyaGündəmSiyasət

Azərbaycanın enerji diplomatiyası beynəlxalq tərəfdaşlığın mühüm dayağıdır

Enerji təhlükəsizliyi müasir dünyanın geosiyasi və iqtisadi gündəliyində xüsusi yer tutur. Dövlətlərin enerji resurslarına çıxışı, təchizat marşrutlarının şaxələndirilməsi və etibarlı tərəfdaşlarla əməkdaşlığı beynəlxalq sabitliyin mühüm amillərindən hesab olunur. Azərbaycan uzun illərdir enerji sahəsində formalaşdırdığı təcrübə və etibarlı tərəfdaşlıq modeli ilə beynəlxalq enerji bazarında özünəməxsus mövqe qazanıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti Azərbaycanın təbii resurslarından səmərəli istifadəni, ixrac marşrutlarının inkişafını və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verməyi hədəfləyir. Böyük Britaniya ilə münasibətlər də bu sahədə xüsusi tarixi əhəmiyyətə malikdir. İki ölkə arasında otuz ildən artıq müddətdə formalaşmış enerji əməkdaşlığı qarşılıqlı etimadın möhkəm təməlinə çevrilib.

12 noyabr 2026-cı il tarixli Birgə Bəyannamədə enerji əməkdaşlığının gələcək perspektivləri, bərpaolunan enerji, yaşıl maliyyə və aşağı karbonlu texnologiyalar ayrıca istiqamət kimi müəyyənləşdirilib. Bu yanaşma enerji münasibətlərinin yalnız ənənəvi resurslarla məhdudlaşmadığını, yeni texnoloji və ekoloji çağırışlara uyğunlaşdırıldığını göstərir. Azərbaycan üçün bu, enerji sektorunun müasirləşdirilməsi baxımından mühüm imkanlar yaradır.

Ölkəmizin enerji siyasətində əsas məqsədlərdən biri mövcud potensialı iqtisadi inkişafın uzunmüddətli təminatına çevirməkdir. Bərpaolunan enerji mənbələrinin inkişafı, enerji infrastrukturunun yenilənməsi və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq bu strategiyanın vacib komponentləridir. Böyük Britaniyanın maliyyə və texnoloji təcrübəsi həmin istiqamətlərdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə zəmin yarada bilər.

Enerji diplomatiyası Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirən mühüm vasitələrdən biridir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xətt ölkəmizin həm ənənəvi enerji bazarlarında, həm də yaşıl enerji sahəsində mövqeyini gücləndirməyə yönəlib. Azərbaycan–Böyük Britaniya tərəfdaşlığı bu siyasətin yeni mərhələdə inkişafına xidmət edə biləcək əhəmiyyətli əməkdaşlıq platformasıdır.

Sevda Abdullayeva,
YAP Nizami rayon təşkilatının “Özbəkistan küçəsi, 11” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button