20 Noyabr – Ağdam Şəhəri Günü: tarixi Yaddaşın, zəfərin və Böyük Qayıdışın təntənəsi

20 noyabr Azərbaycan tarixinin ən qürurverici səhifələrindən birini — Qarabağın dilbər guşələrindən olan Ağdam şəhərinin işğaldan azad edildiyi günü və Ağdam Şəhəri Gününü özündə birləşdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən təsis edilən bu əlamətdar gün hər il təntənəli şəkildə qeyd olunur. Bu tarix təkcə bir şəhərin əsarətdən qurtulması deyil, həm də illərlə davam edən həsrətin bitməsi, milli qürurun bərpası və doğma yurdun yenidən dirçəlişi deməkdir.
Qarabağ düzünün cənub-şərqində, Qarqar çayının yaxınlığında yerləşən Ağdam qədim dövrlərdən bəri zəngin mədəniyyəti, təsərrüfatı və abadlığı ilə seçilib. 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələrinin hücumu nəticəsində rayonun böyük bir hissəsi- o cümlədən Ağdam şəhəri və ətraf kəndlər işğal olundu. İşğal dövründə şəhər və ətraf yaşayış məntəqələri demək olar ki, tamamilə dağıdıldı, tarixi və mədəni abidələr məhv edildi, yüz minlərlə insan doğma yurdundan didərgin düşdü. Ağdamın müdafiəsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə minlərlə vətən oğlu şəhidlik zirvəsinə ucaldı.
2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən tarixi Zəfər və imzalanan üçtərəfli Bəyanat əsasında 2020-ci il noyabrın 20-də Ağdam rayonu bir güllə belə atılmadan, siyasi-hərbi uğurun nəticəsi kimi işğaldan azad edildi. Dövlət başçısının Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalının təsis edilməsi və 20 noyabrın Ağdam Şəhəri Günü elan olunması bu tarixi hadisənin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
Ağdam həmişə Azərbaycan musiqisinin, muğam sənətinin, ədəbiyyatının və memarlığının mühüm ocaqlarından biri olub. Xan Şuşinski adına Ağdam Muğam Məktəbi və “Qarabağ bülbülləri” ansamblı Azərbaycan mədəniyyətinə neçə-neçə görkəmli sənətkar bəxş edib. Ağdam şəhərində yeni Ağdam Muğam Mərkəzinin açılması şəhərin mədəni həyatının yenidən canlanmasında mühüm mərhələdir.
Qarabağ memarlıq məktəbinin nadir incilərindən sayılan Cümə məscidi, İmarət kompleksi və digər tarixi abidələr işğal dövründə ağır zərər görsə də, azadlıqdan sonra bərpa və konservasiya işləri ilə yenidən öz əzəmətinə qovuşdurulur.
Azad edildikdən dərhal sonra Ağdamda genişmiqyaslı minatəmizləmə, yol-nəqliyyat, enerji, su və sosial infrastruktur layihələrinə başlanıldı. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” şəhərin müasir şəhərsalma prinsiplərinə uyğun, ekoloji cəhətdən təmiz, ağıllı və dayanıqlı mərkəz kimi qurulmasını hədəfləyir.
20 noyabr – Ağdam Şəhəri Günü ədalətin bərpasının, xalqın iradəsinin sarsılmazlığının və dövlətimizin quruculuq gücünün təntənəsidir. Dağıdılmış xarabalıqlardan müasir, abad və canlı bir şəhərə çevrilən Ağdamın dirçəlişi bütün Azərbaycan üçün qürur mənbəyi, gələcək nəsillər üçün isə tarixi yaddaş və vətən sevgisi dərsidir.
Heydər Rəhimov,
Nizami bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı



