
Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətləri yalnız siyasi və iqtisadi əlaqələrlə məhdudlaşmır. Mədəniyyət, incəsənət və humanitar əməkdaşlıq xalqların bir-birini daha yaxından tanımasına və qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir.
Hər iki ölkə zəngin milli mədəniyyətə, qədim ənənələrə və özünəməxsus incəsənət irsinə malikdir. Azərbaycan musiqisi, muğam sənəti və ədəbiyyatı ilə Vyetnamın folkloru, musiqisi və ənənəvi sənət nümunələri arasında mədəni dialoq üçün geniş imkanlar mövcuddur.
Keçmişdə ərsəyə gələn “Ağ pələnglə görüş” sənədli filmi Azərbaycan–Vyetnam mədəni əməkdaşlığının yadda qalan nümunələrindən biridir. Film iki ölkənin neftçilərinin həyatını və dostluğunu əks etdirməklə yanaşı, xalqlar arasında mənəvi yaxınlığın da əhəmiyyətini göstərib.
Müasir dövrdə mədəniyyət günləri, kino nümayişləri, sərgilər, musiqi tədbirləri və yaradıcı kollektivlərin qarşılıqlı səfərləri əlaqələrin inkişafına yeni təkan verə bilər. Bu cür tədbirlər hər iki xalqın mədəni irsinin daha geniş tanıdılmasına imkan yaradır.
Mədəni əməkdaşlıq Azərbaycan–Vyetnam strateji tərəfdaşlığının humanitar dayaqlarını gücləndirir. Xalqlar bir-birinin mədəniyyətini tanıdıqca qarşılıqlı etimad və dostluq daha möhkəm əsaslar üzərində inkişaf edir.
Arif Qurbanov,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 161” ərazi partiya təşkilatının sədri



