
Dövlətlər arasında münasibətlərin davamlı inkişafında siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, mədəni əlaqələr də mühüm əhəmiyyət daşıyır. Çünki xalqları bir-birinə yaxınlaşdıran, onların milli dəyərlərini, tarixini və mənəvi dünyasını qarşılıqlı şəkildə tanıdan əsas vasitələrdən biri məhz mədəniyyətdir. Azərbaycan ilə Vyetnam arasında onilliklər ərzində formalaşmış dostluq münasibətləri də bu baxımdan zəngin ənənələrə malikdir. İki ölkə arasında həyata keçirilən mədəni layihələr, yaradıcı əməkdaşlıq, ədəbi mübadilə və festivallar xalqlarımızın bir-birini daha yaxından tanımasına geniş imkanlar yaradır.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə humanitar və mədəni əlaqələrə xüsusi diqqət yetirməsi bu sahənin ikitərəfli münasibətlər sistemindəki əhəmiyyətini bir daha təsdiqləyir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan və Vyetnam arasında mədəni dialoq uzun illərdir davam edir və müxtəlif təşəbbüslərlə zənginləşir. Bu əlaqələrin tarixi kökləri ötən əsrin ortalarına gedib çıxır. Hələ 1955-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev ilk Sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası” əsərini yaradıb. Bu musiqi nümunəsi Azərbaycan incəsənətinin Vyetnam mövzusuna müraciətinin və iki xalq arasında mədəni yaxınlığın erkən təzahürlərindən biri kimi qiymətləndirilə bilər.
Mədəni əməkdaşlığın inkişafında Azərbaycan yaradıcı ziyalılarının Vyetnamda həyata keçirdikləri fəaliyyət də xüsusi yer tutur. Görkəmli rejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda yaşaması və çalışması bu əlaqələrin tarixində əlamətdar səhifədir. O, Vyetnamın milli kino məktəbinin formalaşmasına, yerli rejissor və aktyorların yetişdirilməsinə mühüm töhfələr verib. Onun yaradıcılığı və bu ölkə haqqında yazdığı əsərlər Azərbaycan ilə Vyetnam arasında mədəni körpünün möhkəmlənməsinə xidmət edib.
Müasir dövrdə də bu ənənələr davam etdirilir. Azərbaycanda təşkil olunan Vyetnam Günləri iki ölkənin mədəniyyətinin, milli adət-ənənələrinin və incəsənət nümunələrinin geniş ictimaiyyətə təqdim olunmasına şərait yaradır. 2026-cı ildə keçirilən dördüncü Vyetnam festivalının ilk dəfə Bakı və Qəbələ şəhərlərini əhatə etməsi tədbirin coğrafiyasının genişləndirilməsi baxımından əlamətdar hadisə olub. Belə tədbirlər yalnız mədəni təqdimat xarakteri daşımır, eyni zamanda insanlar arasında ünsiyyətin, qarşılıqlı marağın və dostluq münasibətlərinin inkişafına təkan verir.
Ədəbi əlaqələr də Azərbaycan–Vyetnam mədəni münasibətlərinin mühüm istiqamətlərindəndir. Məşhur vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” adlı şeirlər toplusunun Azərbaycanda nəşr edilməsi Vyetnam ədəbiyyatının ölkəmizdə tanıdılması baxımından əhəmiyyətli addımdır. Bu nəşr vasitəsilə Azərbaycan oxucuları Vyetnam poeziyasının özünəməxsus dünyası, fəlsəfi düşüncəsi və bədii ifadə imkanları ilə tanış olmaq fürsəti əldə edirlər.
Azərbaycan və Vyetnam arasında mədəni əlaqələrin inkişafı xalqların ortaq dəyərlər ətrafında yaxınlaşmasına, qarşılıqlı hörmətin möhkəmlənməsinə və dostluğun gələcək nəsillərə ötürülməsinə xidmət edir. Tarixi ənənələrə əsaslanan bu əməkdaşlıq müasir dövrdə yeni layihələrlə zənginləşərək ikitərəfli münasibətlərin humanitar ölçüsünü daha da gücləndirir.
Kamil Qasimov ,
YAP Xətai rayon təşkilatı fəalı



