
Azərbaycan ilə Vyetnam arasında iqtisadi-ticari əlaqələrin inkişafı ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri kimi diqqət çəkir. Hər iki ölkənin malik olduğu iqtisadi resurslar, strateji mövqelər və müxtəlif sahələrdə əməkdaşlıq imkanları qarşılıqlı tərəfdaşlığın daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində iqtisadi münasibətlərin mövcud vəziyyəti və perspektivləri ilə bağlı səsləndirdiyi fikirlər bu sahədə qarşıya qoyulan hədəflərin əhəmiyyətini ortaya qoyur.
2025-ci ilin yekunlarına görə, Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsinin 150 milyon dollardan artıq olması əlaqələrin inkişafında müsbət göstəricidir. Bununla belə, mövcud rəqəmlər iki ölkənin iqtisadi potensialını tam əks etdirmir. Tərəflər arasında ticarətin artırılması, məhsul çeşidinin genişləndirilməsi və yeni biznes əlaqələrinin qurulması üçün əhəmiyyətli imkanlar mövcuddur.
Energetika sektoru uzun illərdir Azərbaycan–Vyetnam əməkdaşlığının əsas istiqamətlərindən biri hesab olunur. Bu sahədə SOCAR və PetroVietnam arasında əlaqələrin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, eləcə də mütəxəssis hazırlığı sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu istiqamətdə görüləcək işlər tərəflərin texniki bilik və təcrübə mübadiləsinə, yeni layihələrin reallaşdırılmasına imkan verə bilər.
İqtisadi əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır. Vyetnam biznesinin Azərbaycanda tikinti, infrastruktur, bərpa olunan enerji və digər sahələrə maraq göstərməsi tərəfdaşlığın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “ROX Group” şirkətinin Azərbaycanda layihələr həyata keçirmək niyyəti və 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanan sənədlər bu marağın konkret müstəviyə keçdiyini göstərir.
Kənd təsərrüfatı, sənaye, nəqliyyat, logistika və investisiya sahələri də qarşılıqlı əməkdaşlığın inkişafı üçün geniş perspektivlərə malikdir. İqtisadi əlaqələrin daha sistemli şəkildə qurulması, biznes dairələri arasında təmasların artırılması və birgə təşəbbüslərin təşviq edilməsi ticarət dövriyyəsinin yüksəlməsinə xidmət edə bilər.
Azərbaycan və Vyetnamın iqtisadi potensialı, qarşılıqlı maraqları və əməkdaşlığa açıq mövqeyi gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün imkan yaradır. Mövcud tərəfdaşlığın yeni sahələrlə zənginləşdirilməsi iki ölkənin iqtisadi inkişafına və qarşılıqlı faydalı münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək.
Nazənin Həmzəyeva,
YAP Xətai rayon təşkilatının fəalı



