
Noyabrın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının və Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə “Milli kimlik və dövlətçilik: yeni dövrdə gənclər siyasətinin ideoloji prioritetləri” mövzusunda tədbir keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Şəmkir Şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev milli kimliyin qorunmasında, dövlətçilik ənənələrinin yaşadılmasında və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında azərbaycançılıq ideologiyasının rolundan bəhs edib. O, ölkəmizin zəngin tarixi və milli-mənəvi irsinin gənc nəslin dünyagörüşünün və vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynadığını qeyd edib. Həmçinin, gənclərin ictimai fəallığının artırılmasının, təşəbbüskarlığının dəstəklənməsinin və dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsinin vacibliyini vurğulayıb.
YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva çıxışında Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərini və müasir prioritetləri diqqətə çatdırıb. O, milli-mənəvi dəyərlərə bağlılıqla müasir dünyagörüşünün uzlaşdırılmasının, gənclərin intellektual potensialının inkişaf etdirilməsinin, innovativ təşəbbüslərinin dəstəklənməsinin əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, gənclər rəqəmsal transformasiya və texnoloji yeniliklərin yaratdığı imkanlardan səmərəli istifadə etməklə ölkənin inkişafına töhfə verməlidirlər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışında regional inkişafın təmin olunmasında gənclərin potensialından səmərəli istifadənin, onların təhsil, məşğulluq və peşə hazırlığı imkanlarının genişləndirilməsinin əhəmiyyətindən bəhs edib. O, insan kapitalının keyfiyyətinin dövlətin inkişaf potensialını müəyyən edən əsas amillərdən biri olduğunu qeyd edərək, gənclərin müasir biliklərə yiyələnməsinin və əldə etdikləri bacarıqları real fəaliyyətə çevirməsinin vacibliyini vurğulayıb.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı milli dövlətçilik ənənələrinin tarixi köklərindən, azərbaycançılıq ideologiyasının mahiyyətindən və müstəqil dövlətçilik düşüncəsinin formalaşmasında tarixi irsin rolundan danışıb. O, Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və milli ideologiyanın formalaşdırılması istiqamətindəki tarixi xidmətlərini diqqətə çatdırıb. Qeyd edilib ki, gənclərin dövlətçilik tariximizi elmi əsaslarla öyrənməsi, tarixi hadisələrin mahiyyətini dərindən dərk etməsi və milli maraqlar mövqeyindən qiymətləndirməsi mühüm əhəmiyyət daşıyır.
YAP Mərkəzi Aparatının rəhbərinin müavini Ramilə Bədəlova çıxışında gənclərlə işin sistemli təşkilinin, milli dövlətçilik düşüncəsinin gənc nəslə aşılanmasının, milli özünüdərkin gücləndirilməsinin və gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakının vacibliyinə diqqət çəkib. O bildirib ki, müasir dövrdə informasiya axınının genişlənməsi, müxtəlif ideoloji təsirlərin artması və qloballaşma prosesləri milli kimliyin qorunmasını daha da aktuallaşdırır. Qeyd olunub ki, belə bir şəraitdə gənclərin milli tariximizi, mədəni irsimizi, dilimizi və mənəvi dəyərlərimizi dərindən mənimsəməsi, eyni zamanda, müasir çağırışlara adekvat yanaşması vacibdir.
Milli Məclisin deputatı Nurlan Həsənov müasir dövrdə milli kimliyin və dövlətçilik dəyərlərinin qorunmasının hüquqi dövlət prinsipləri, konstitusion dəyərlər və informasiya təhlükəsizliyi ilə qarşılıqlı əlaqəsindən bəhs edib. Deputat rəqəmsal mühitdə dezinformasiya, informasiya manipulyasiyaları və hibrid təhdidlərin yaratdığı çağırışlara toxunaraq, gənclərin intellektual savadlılığının artırılmasının xüsusi əhəmiyyət daşıdığını bildirib.
İnteraktiv formada davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.




